Tramp Səudiyyə Ərəbistanında Fələstinin gələcəyini müzakirə edəcək

ABŞ-ın prezidenti Donald Tramp Yaxın Şərq liderləri ilə Fələstin məsələsini müzakirə etmək üçün 13 may tarixində Səudiyyə Ərəbistanına səfər edəcək. Onun vəliəhd şahzadə Məhəmməd bin Salmanla görüşü planlaşdırılır. Görüşdə əsas diqqət Fələstin dövlətinin yaradılması məsələsinə yönələcək.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, Trampın görüşündə Fələstin Administrasiyasının rəhbəri Mahmud Abbas, Livan Prezidenti Mişel Aun və Suriya Prezidenti Əhməd əş-Şarada iştirak edəcək. Qeyd olunur ki, bu yüksək səviyyəli danışıqlarda Fələstin dövlətinin yaradılması əsas müzakirə mövzusu olacaq. Görüş Yaxın Şərqdə davam edən siyasi gərginlik fonunda keçirilir və Trampın diplomatik səyləri kontekstində xüsusi əhəmiyyət daşıyır.
Səfər çərçivəsində Donald Tramp və Səudiyyə Ərəbistanı rəhbərliyi arasında iqtisadi məsələlər də gündəmdə olacaq. Xüsusilə, Səudiyyə Ərəbistanının ABŞ iqtisadiyyatına 1 trilyon dollar həcmində sərmayə qoyacağı gözlənilir. Tərəflər həmçinin regional təhlükəsizlik, sabitlik və enerji bazarındakı əməkdaşlıq məsələlərini də müzakirə edəcəklər.
Bu səfər Trampın beynəlxalq siyasətə yenidən fəal şəkildə qayıtdığını göstərən addımlardan biri kimi qiymətləndirilir. Eyni zamanda, Fələstin məsələsinin yenidən qlobal gündəmin ön sırasına çıxarılması bu görüşün strateji əhəmiyyətini artırır.
Fatimə Nəbiyeva
22:10 11.05.2025
Oxunuş sayı: 1055