Dəhşətli proqnoz: "Qəzzada ölüm sayı 100 mini keçə bilər"

İsrailin 2023-cü il oktyabrın 7-dən etibarən Qəzza zolağında həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində həlak olan fələstinlilərin sayının rəsmi statistikadan daha yüksək olduğu ehtimal edilir.
Crossmedia.az xəbər verir ki, bu barədə "The Economist" jurnalı araşdırma aparıb.
Araşdırmaya görə, ölənlərin real sayını dəqiq müəyyənləşdirmək çətin olsa da, mövcud rəqəmlər faktiki itkiləri tam əks etdirmir.
Fələstin Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, hücumlar nəticəsində indiyədək 52 min 829 nəfər həyatını itirib, 119 min 554 nəfər isə yaralanıb.
Araşdırmada sosial şəbəkələrdəki görüntülər, anketlər, şahid ifadələri və qəbiristanlıqlardan toplanan məlumatlar da nəzərə alınıb.
Nəticədə, itkilərin real sayının Fələstin hökumətinin açıqladığı rəqəmdən 46-107 faiz arasında daha çox ola biləcəyi irəli sürülüb.
Təxminlərə görə, 7 oktyabr 2023-cü ildən bəri Qəzzada həlak olanların sayı 77 min ilə 109 min arasında dəyişə bilər. Bu isə bölgə əhalisinin 4-5 faizinə bərabərdir.
Mütəxəssislər vəziyyəti humanitar fəlakət kimi qiymətləndirir və beynəlxalq ictimaiyyəti təcili addımlar atmağa çağırırlar.
Aybəniz Səfərova
19:14 11.05.2025
Oxunuş sayı: 2178