Yunanıstanın keçmiş xarici işlər naziri: “Türkiyənin regional güc olmasının qarşısını ala bilmədik”

Yunanıstan Türkiyənin regional güc olmasının qarşısını ala bilməyib.
Crossmedia.az xəbər verir ki, bu barədə Yunanıstanın aparıcı nəşrlərindən olan “Ta Nea” qəzetində dərc olunan məqalədə qeyd olunub.
Məqalədə bildirilir ki, Afina rəhbərliyinin uzunmüddətli strategiyası əsas hədəflərində uğursuzluğa düçar olub və Türkiyənin regional güc olmasının qarşısını almaq mümkün olmayıb.
Məqalənin müəllifi, Yunanıstan Xarici İşlər Nazirliyinin keçmiş Məsləhətçi Şurasının üzvü, professor Panayotis İoakimidisdir. “Yunanıstanın uzunmüddətli strategiyası uğursuz oldu” sərlövhəli məqaləsində İoakimidis vurğulayıb ki, uzunmüddətli strategiyamızın birinci məqsədi Türkiyənin regional supergüc olmasının qarşısını almaq idi, lakin bu məqsədə çatılmadı. Bu gün Türkiyə demək olar ki, bütün dünya tərəfindən güclü bir regional aktor kimi qəbul olunur.”
O, Ankara–Afina münasibətlərində yarım əsrlik dövrü təhlil edərək qeyd edir ki, 1973-cü ildə iki ölkə arasında əsas mübahisə mövzusu “kontinental şelf” məsələsi idisə, bu gün artıq 12 əsas sahədə ciddi ixtilaflar mövcuddur.
Müəllif, həmçinin bildirir ki, Yunanıstanın artan silahlanma siyasəti bu problemlərin həlli üçün çıxış yolu ola bilməz. Afina hökumətinin reallıqlardan uzaq strategiyalar əvəzinə, praktiki və uzunmüddətli yanaşmalar qəbul etməsinin vacibliyi vurğulanır. “Yunanıstanla Türkiyə arasında sıx əməkdaşlıq və tərəfdaşlıq varoluş baxımından zəruridir”, – deyə İoakimidis əlavə edib.
Digər tərəfdən, Yunanıstanın “SLPress” saytı da Türkiyənin müdafiə sənayesindəki uğurlarını analiz edib. Baykar şirkətinin İtaliyanın Piaggio Aerospace şirkəti ilə əməkdaşlığına diqqət çəkilərək bildirilib: “Türkiyə bu əməkdaşlıqla Avropa müdafiə sənayesinin nüvəsinə faktiki çıxış əldə edib.” Həmçinin vurğulanıb ki, Baykarın dünyanın bir çox ölkələrinə etdiyi ixracatlar Ankara rəhbərliyinin beynəlxalq nüfuzunun daha da artmasına şərait yaradır.
Səbinə Cəlilova
18:07 11.05.2025
Oxunuş sayı: 1525