Makron: “Putin vaxt qazanmağa çalışır”

Fransa Prezidenti Emmanuel Makron Rusiya Prezidenti Vladimir Putinin Ukrayna ilə birbaşa danışıqları İstanbulda bərpa etmək təklifinə münasibət bildirib. Makron bu təşəbbüsü münaqişənin tam və davamlı həlli üçün kifayət qədər ciddi addım hesab etmədiyini vurğulayıb.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, Fransa lideri Vladimir Putinin danışıqlara başlamaq istəyini dəyərləndirərkən bildirib: “Putin çıxış yolu axtarır, lakin o, hələ də vaxt udmaq istəyir.” Onun fikrincə, Kreml münaqişənin sona çatmasını yox, prosesi uzadaraq öz mövqeyini möhkəmləndirməyə çalışır.
Makron qeyd edib ki, Rusiya ilə Ukrayna arasında istənilən təmaslar və dialoq vacib olsa da, bu cür təşəbbüslər konkret və nəticə verəcək addımlarla müşayiət olunmalıdır. Əks halda, bu proses sadəcə münaqişəni dondurmağa xidmət edəcək.
Fransa Prezidenti beynəlxalq ictimaiyyətin daha fəal və vahid mövqe sərgiləməsinin vacibliyini vurğulayıb. O, müharibənin yalnız diplomatik danışıqla deyil, eyni zamanda qəti siyasi iradə və beynəlxalq təzyiqlə bitə biləcəyini bildirib.
Fatimə Nəbiyeva
14:14 11.05.2025
Oxunuş sayı: 1167