Hindistan rəsmisinin İran XİN başçısına təhqiramiz ifadəsi diplomatik gərginliyə səbəb olub

Hindistanın milli müdafiə nazirinin baş müşaviri Qarav Arya İranın xarici işlər naziri Abbas Əraqçını canlı televiziya proqramında təhqir edərək, onu "donuz" adlandırıb. O, eyni zamanda İranı HƏMAS-ı maliyyələşdirən “terrorçu-dövlət sponsoru” kimi təqdim edib.
Qarav Arya bu fikirləri İran XİN rəhbərinin bir neçə gün öncə Pakistan rəsmiləri ilə keçirdiyi görüşə münasibət bildirərkən səsləndirib. O, İranı Pakistanın tərəfini saxlamaqda ittiham edib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, hadisədən sonra Hindistanın Tehrandakı səfirliyi açıqlama yayaraq bildirib ki, həmin şəxs Hindistan vətəndaşı olsa da, onun dedikləri rəsmi dövlət mövqeyini əks etdirmir:
“Hindistanın İrandakı səfirliyi videodakı şəxsin Hindistan vətəndaşı olduğunu dəqiqləşdirmək istəyir. Onun açıqlamasının Hindistanın rəsmi mövqeyi ilə heç bir əlaqəsi yoxdur və Hindistan hökuməti videoda istifadə olunan nalayiq ifadəni yersiz hesab edir”.
İranın Hindistandakı səfirliyi isə bu açıqlamaya cavab olaraq öz sosial media hesabında yazıb:
“Qonaqlara hörmət İran mədəniyyətində qədim ənənədir. Biz iranlılar qonaqlarımızı ‘Allahın sevimlisi’ hesab edirik. Bəs siz?”
Hadisə iki ölkə arasında diplomatik gərginliyə səbəb olub və tərəflərin rəsmi münasibətləri diqqət mərkəzindədir.
Mədinə Cəlilova
12:17 11.05.2025
Oxunuş sayı: 1112