Şahbaz Şərif: “Hindistana qarşı qələbə yalnız Pakistan xalqı və ordusunun deyil, həm də prinsiplərin zəfəridir”

Pakistanın Baş naziri Şahbaz Şərif Hindistana qarşı əldə olunan uğurla bağlı xalqa müraciət edərək, bu qələbənin yalnız xalqın və Silahlı Qüvvələrin deyil, eyni zamanda prinsiplərin də qələbəsi olduğunu bildirib. Onun sözlərinə görə, bu uğur Pakistanın haqlı və ədalətli mövqeyinin təsdiqidir.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, Baş nazir öz çıxışında “Bunyan-un-Marsoos” əməliyyatından bəhs edib. O bildirib ki, bu əməliyyat nifrətə, xurafata, insanlığa qarşı düşmənçiliyə, təcavüzə və dini fanatizmə qarşı yönəldilib. Şahbaz Şərif vurğulayıb ki, Pakistan xalqı və ordusu bu əməliyyat vasitəsilə öz müdrikliyini, təmkinini və cəsarətini nümayiş etdirdi.
Şahbaz Şərif çıxışında Hindistanın davranışlarını sərt tənqid edib. O, düşmənin atdığı addımları “utancverici, qorxaq və açıq şəkildə təcavüzkar” adlandırıb. Onun sözlərinə görə, Pakistan Silahlı Qüvvələri bu təcavüzə qarşı “igidliklə, effektiv şəkildə və yüksək peşəkarlıqla” cavab verib. Baş nazir bildirib ki, Pakistan hər zaman məsuliyyətli və dinc yanaşma nümayiş etdirməyə çalışıb, lakin təxribatlara cavab vermək məcburiyyətində qalıb.
O, Hindistanın Pahalgam insidentini bəhanə edərək əsassız müharibəyə başladığını da xüsusi vurğulayıb. Şahbaz Şərif qeyd edib ki, Hindistan bu hadisədən istifadə edərək pilotsuz uçuş aparatları və raket zərbələri ilə mülki əhalini, ibadətgahları və izdihamlı məkanları hədəf alıb. Eyni zamanda, Pakistanın hərbi obyektlərinə hücum etmək cəhdləri göstərilib, lakin bu cəhdlər uğursuzluqla nəticələnib.
Baş nazir əlavə edib ki, Pakistan tərəfi Hindistana Pahalgam insidenti ilə bağlı etibarlı və şəffaf araşdırma aparmağı təklif edib, lakin bu təklif Hindistan tərəfindən rədd olunub. “Biz maksimum səbr və təmkin göstərdik. Lakin düşmənə qarşı güclü və layiqli cavab vermək qərarına gəldik”, – deyə Şərif bildirib.
Şahbaz Şərif Pakistan ordusunun cavab zərbələrinin Hindistanın hərbi gücünə ciddi zərbə vurduğunu bildirib: “Bizim igid şahinlərimiz Hindistanın hərbi obyektlərini, hava bazalarını və silah anbarlarını tam dəqiqliklə məhv etdilər. Hindistanın döyüş qabiliyyəti cəmi bir neçə saat ərzində zəiflədildi. Pakistan Hərbi Hava Qüvvələri tərəfindən Hindistana məxsus Rafale qırıcıları uğurla vuruldu”.
Baş nazir çıxışının sonunda Pakistan xalqını və ordusunu bu parlaq qələbə münasibətilə təbrik edib. O qeyd edib ki, bu zəfər həm hərbi, həm siyasi, həm də mənəvi cəhətdən Pakistanın üstünlüyünü göstərdi və dünya ictimaiyyətinə ölkənin qətiyyətli və ədalətli mövqeyini nümayiş etdirdi.
Fatimə Nəbiyeva
11:38 11.05.2025
Oxunuş sayı: 1030