Atəşkəsi Tramp elan etdi: Hindistan və Pakistan razılığa gəldi

Pakistan ordusunun Hindistana qarşı cavab əməliyyatına başlamasından bir neçə saat sonra ABŞ Prezidenti Donald Tramp Hindistan və Pakistan arasında atəşkəs elan olunduğunu açıqlayıb. Lakin az sonra Hindistan, Pakistanın atəşkəs razılaşmasını pozduğunu iddia edib.
Bu səhər Pakistan ordusu Hindistan hərbçilərinə qarşı “Bunyan-un-Marsus Əməliyyatı”nın başladığını bildirib.
Crossmedia.az Pakistan təhlükəsizlik mənbələrinə istənadən xəbər verir ki, Pakistan Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri Hindistan ərazisinə qarşı hava əməliyyatı həyata keçirib. Mənbələr təyyarələrin Hindistanın S-400 raketdən müdafiə sistemlərini uğurla vurduğunu bildirib.
Hindistan ordusu isə açıqlamasında, Pakistanın Pəncab əyalətində yerləşən bir hava bazasını yüksək sürətli raketlərlə hədəfə aldığını bildirib. Açıqlamada qeyd olunub ki, Hindistan buna cavab olaraq Pakistandakı radar sistemlərini və texnoloji bazaları vurub. Bildirilib ki, Pakistan ümumilikdə 26 hava hücumu cəhdi edib və Hindistanın Kəşmir bölgəsindəki səhiyyə və təhsil müəssisələrini hədəfə alıb. Hindistan ordusu Pakistanın sərhəddəki hərbi mövcudluğunu artırdığını, qarşı tərəfin artilleriya atəşlərinə cavab olaraq zərər yetirdiklərini və bəzi Hindistan hərbi bazalarında məhdud ziyan baş verdiyini bildirib.
Pakistanın nəzarətindəki Azad Kəşmirdə son 12 saatda 13 mülki şəxsin həlak olduğu, 50 nəfərin isə yaralandığı açıqlanıb.
Bu hadisələrdən bir neçə saat sonra ABŞ Prezidenti Donald Tramp Hindistan və Pakistanın dərhal qüvvəyə minəcək tam atəşkəs barədə razılığa gəldiyini açıqlayıb. Pakistan xarici işlər naziri İshaq Dar da sosial mediada paylaşım edərək iki ölkənin atəşkəs barədə razılaşdığını bildirib və “Pakistan suverenliyindən və ərazi bütövlüyündən geri çəkilmədən regionda sülh və təhlükəsizlik üçün daim səylər göstərib”,– deyə qeyd edib.
ABŞ Dövlət katibi Marko Rubio son 48 saat ərzində Trampın müşaviri C.D. Venslə birlikdə hər iki ölkənin rəsmiləri ilə görüşlər keçirdiklərini və Hindistanla Pakistanın təcili atəşkəs razılaşmasına gəldiyini bildirməkdən məmnun olduqlarını söyləyib. Rubio əlavə edib ki, tərəflər neytral bir məkanda geniş mövzu spektrini müzakirə etmək üçün danışıqlara başlayacaqlar.
Türkiyə də atəşkəslə bağlı açıqlama verib. xarici işlər nazirliyi atəşkəs qərarından məmnun olduqlarını bildirərək tərəfləri bu fürsətdən maksimum dərəcədə istifadə edərək birbaşa və sağlam dialoqun qurulmasına çağırıb. Açıqlamada, Cənubi Asiyada sabitliyin davamlı olması üçün oxşar gərginliklərin qarşısını alacaq dialoq mexanizmlərinin, terrorla mübarizə sahəsi də daxil olmaqla, qurulmasının vacibliyi vurğulanıb. Nazirlik, başda ABŞ olmaqla, atəşkəsin təmin olunmasına töhfə verən bütün ölkələrə təşəkkürünü bildirib.
Mədinə Cəlilova
09:50 11.05.2025
Oxunuş sayı: 1621