Meksikadan Google-a qarşı “Meksika Körfəzi” davası

Meksika hökuməti, Google-un xəritə tətbiqində “Meksika Körfəzi” adını “Amerika Körfəzi” olaraq dəyişdirməsinə görə şirkətə qarşı rəsmi şəkildə məhkəmə iddiası qaldırıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Meksika Prezidenti Klaudia Şeynbaum paytaxt Mexikodakı Milli Sarayda keçirdiyi gündəlik mətbuat konfransında məsələ ilə bağlı açıqlama verib. Şeynbaum bildirib ki, Google daha əvvəl bu dəyişikliklə bağlı rəsmi şəkildə xəbərdar edilib, lakin müraciətlərə cavab verilməyib.
“Google artıq məhkəməyə verilib. Artıq ilkin qərar var və bu qərarı gözləyirik”, – deyə dövlət başçısı qeyd edib.
Şeynbaum əlavə edib ki, körfəz bölgəsinin ABŞ sahillərinə düşən hissəsində “Amerika Körfəzi” adının istifadəsinə etirazları yoxdur. Lakin onun sözlərinə görə, Google bütün körfəzi bu şəkildə adlandıra bilməz:
“Bu, beynəlxalq bir məsələdir. Bizim tələbiniz budur ki, Google ‘Amerika Körfəzi’ adını yalnız ABŞ-yə məxsus sahil zolağı üçün istifadə etsin. Meksika və Kuba sahillərinə düşən hissələrdə isə ‘Meksika Körfəzi’ adı saxlanmalıdır”.
Məhkəmə prosesinin nəticəsinin bölgədəki coğrafi adlandırmalara təsir edə biləcəyi gözlənilir.
Mədinə Cəlilova
17:20 10.05.2025
Oxunuş sayı: 510