Almaniyadan atəşkəs xəbərdarlığı: “Sanksiyalar sərtləşdiriləcək”

Almaniyanın yeni kansleri Fridrix Mers Ukraynada 30 günlük atəşkəs təklifinin Rusiya tərəfindən rədd edilməsi halında sanksiyaların daha da sərtləşdiriləcəyini bəyan edib.
Fransa, Böyük Britaniya və Polşa liderləri ilə birlikdə bu gün Kiyevə səfər edən Mers, səfərlə bağlı “Bild” qəzetinə açıqlama verib.
Crossmedia.az “Bild” qəzetinə istinadən xəbər verir ki, Onun sözlərinə görə, Ukraynada sülh danışıqlarına hazırlıq məqsədilə Rusiyaya “30 günlük şərtsiz atəşkəs” təklifi verilib.
“Top indi Putinin meydanındadır. Putin bu təklifə cavab verməlidir”, – deyə Mers qeyd edib.
Əgər Putin bu çağırışı rədd edərsə, bunun nəticələri olacağını vurğulayan Almaniya kansleri əlavə edib: “Sanksiyalar böyük ölçüdə sərtləşdiriləcək və Ukraynaya daha çox yardım ediləcək”.
O, bu yardımların həm maddi, həm də hərbi sahələri əhatə edəcəyini bildirib. ABŞ Prezidentinin də sanksiyaların sərtləşdirilməsini dəstəkləyə biləcəyini deyən Mers, Donald Trampın “Putinə qarşı səbrinin tükəndiyinin açıq olduğunu” vurğulayıb.
Mers, lazım olduğu təqdirdə Putinlə birbaşa görüşməyə tamamilə qarşı olmadığını da qeyd edib: “Əgər bu müharibənin bitməsinə kömək edəcəksə, bir çox şeyə hazıram”.
Almaniya kansleri ilk növbədə bu həftəsonu atəşkəsin əldə olunub-olunmayacağına baxılmalı olduğunu söyləyib.
Xatırladaq ki, Fransa Prezidenti Emmanuel Makron Böyük Britaniyanın Baş naziri Kir Starmer və Polşa Baş naziri Donald Tusk ilə birlikdə bu səhər saatlarında Kiyevə gələn Avropa liderləri Ukraynaya tam həmrəyliklərini ifadə ediblər. Onlar ABŞ Prezidenti Donald Trampın Ukraynada sülh razılaşması çağırışını dəstəklədiklərini və bu çərçivədə Rusiya ilə “ədalətli və daimi sülh şərtlərinin” yaradılması üçün 30 günlük atəşkəs çağırışı etdiklərini bəyan ediblər.
Mədinə Cəlilova
16:00 10.05.2025
Oxunuş sayı: 654