Tramp Fələstin dövlətini tanıya bilərmi? – ABŞ-Səudiyyə Ərəbistanı sammiti öncəsi iddialar yayılıb

ABŞ-ın prezidenti Donald Trampın Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək ABŞ-Pers Körfəzi sammitində Fələstin dövlətini tanıyacağını elan edəcəyi ilə bağlı iddialar gündəmə gəlib. Bu xəbər sosial şəbəkələrdə və beynəlxalq medianın bir hissəsində geniş müzakirələrə səbəb olub.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, son günlər Trampın İsrailin baş naziri Benyamin Netanyahunun siyasətindən narazı qaldığı, husilərlə sülh əldə etdiyi və Qəzza üçün HƏMAS-a təminatlar verən yeni razılaşma təklif etdiyi ilə bağlı xəbərlər yayıldığı üçün bu cür bir addım – Fələstin dövlətinin tanınması – müəyyən mənada məntiqli görünə bilər. Lakin politoloqlar bu ehtimala ehtiyatla yanaşır və belə bir radikal dəyişikliyin real olmadığını düşünür.
Əvvəla, ABŞ tarixində ən çox İsrailpərəst mövqe sərgiləyən prezidentlərdən biri olan Donald Trampın təkcə Netanyahunun onu dinləməməsi səbəbilə bir neçə gün ərzində Fələstin mövqeyini bu qədər dəyişməsi inandırıcı görünmür. Trampın yürütdüyü siyasət və keçmişdə atdığı addımlar onun Yaxın Şərqdəki tərəfini açıq şəkildə göstərir.
İkincisi, ABŞ-ın Fələstini tanıması, nəzəri olaraq, bölgədə yeni bir siyasi balans yarada bilərdi. Belə ki, Vaşinqtonun bu addımından sonra digər Qərb ölkələri də eyni mövqe sərgiləyə, qarşılığında isə bir sıra müsəlman ölkələr İsraili tanıya bilərdi. Ancaq bu, daha çox strateji və kompleks düşüncəyə əsaslanan bir yanaşmadır. Trampın isə bu qədər dərin və balanslaşdırılmış bir diplomatik planı həyata keçirməsi çoxlarının fikrincə real deyil. Üstəlik, İsrailin bölgədəki hərbi və siyasi genişlənməsinə qarşı ciddi bir beynəlxalq müqavimət də müşahidə olunmur.
Ən əsası isə, Trampın Fələstini tanıyacağı xəbəri yalnız adı açıqlanmayan bir mənbəyə – guya Fars Körfəzi ölkələrindən birindəki diplomata – istinadla yayılıb. Məlumatı təqdim edən The Jerusalem Postun İsraildəki redaksiyası bu mənbə ilə əlaqə saxladığını iddia edir. Həmin məqalədə əks arqumentlər də təqdim olunur. Bildirilir ki, bu iddia əsasən Trampın sammitdə “əhəmiyyətli və şokedici” bəyanat verəcəyini vəd etməsinə əsaslanır. Lakin bu bəyanat, məsələn, Səudiyyə Ərəbistanı və BƏƏ-nin ABŞ iqtisadiyyatına iri miqyaslı sərmayə yatırması ilə bağlı da ola bilər. Tramp üçün verdiyi hər bir açıqlama “əhəmiyyətli və sarsıdıcı” sayıldığından, onun nə söyləyəcəyi barədə dəqiq fikir yürütmək mümkün deyil.
Qeyd edək ki, sammitdə Fələstin məsələsində əsas oyunçulardan sayılan Misir və İordaniya nümayəndələrinin iştirak etməyəcəyi də diqqət çəkir. Bu da Trampın belə bir bəyanat vermə ehtimalını daha da zəiflədir.
Lakin sonda bəzi analitiklərin ironik yanaşmalarını da xatırlatmaq yerinə düşər: “Bəlkə də Trampçılar Amerikası ‘Müqavimət oxu’na qoşulacaq və dünya siyasi səhnəsində yeni sürprizlər görəcəyik.” Amma bu hələlik daha çox ehtimallardan ibarətdir.
Fatimə Nəbiyeva
13:00 10.05.2025
Oxunuş sayı: 819