Pilot sağ-solunu qarışdırdı, təyyarə alov aldı

İngiltərədə 2024-cü ilin iyun ayında baş vermiş aviasiya hadisəsi ilə bağlı yayımlanan hesabatda, pilotun qalxış zamanı sağ və sol əlini qarışdırması nəticəsində təyyarənin tormozlarının alov aldığı bildirilib.
Crossmedia.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, British Airways şirkətinə məxsus sərnişin təyyarəsinin ikinci pilotunun Gatwick Hava Limanından qalxış zamanı səhvən təyyarənin itki gücünü idarə edən qolu geri çəkdiyi məlum olub. Nəticədə təyyarə yüksək sürətlə hərəkət edərkən qəfil dayandırılıb və tormozlar alovlanıb.
Hadisə səbəbilə Gatwick Hava limanı bir müddət bağlanıb, onlarla təyyarə digər hava limanlarına yönləndirilib, bəzi uçuşlar isə ləğv edilib.
“Daily Mail”qəzetinin xəbərinə görə, “Boeing 777” tipli təyyarə Kanada istiqamətində hərəkət edərkən ikinci pilot qalxış zamanı sağ əli ilə idarəetmə qolunu irəli itələmək əvəzinə sol əli ilə geri çəkib. Bu isə təyyarənin 305 km/saat sürətlə hərəkət etdiyi anda qəfil dayanmasına səbəb olub.
Hava Qəzalarının Araşdırılması Bürosu (AAIB) tərəfindən yayımlanan hesabatda, pilotun hadisə günü illik məzuniyyətdən yeni qayıtdığı, sonuncu dəfə iki həftə əvvəl uçduğu və özünü yaxşı hiss etdiyi bildirilib. 6 min saatlıq uçuş təcrübəsi olan pilot “niyə belə bir səhv etdiyini bilmədiyini” deyib.
Hadisə zamanı təyyarədə 13 ekipaj üzvü və 334 sərnişin olub, xəsarət alan olmayıb. Lakin təyyarənin sağ tərəfində yaranan yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Hesabatda qeyd olunur ki, pilotun sağ əli ilə idarəetmə qolunu irəli itələməli, eyni zamanda sol əli ilə digər hərəkətləri icra etməli idi. Lakin pilot səhvən sol əli ilə idarəetmə qolunu geri çəkib və nəticədə qəza baş verib.
Mədinə Cəlilova
21:35 09.05.2025
Oxunuş sayı: 925