İran ABŞ-nin “gizli nüvə obyektləri” iddialarına sərt cavab verib

İranın xarici işlər naziri Abbas Əraqçi, ABŞ-nin Fox News kanalının İranın Semnan əyalətində “gizli nüvə obyektinin” aşkar edildiyi ilə bağlı yayımladığı məlumatlara sərt reaksiya verib və iddiaları təkzib edib.
Crossmedia.az Abbas Əraqçının sözlərinə istinadən xəbər verir ki, bu məlumatlar İsrail tərəfindən, İrana qarşı fəaliyyət göstərən “Xalqın Mücahidləri” təşkilatı vasitəsilə gündəmə gətirilib. O, sosial media hesabında paylaşdığı açıqlamada qeyd edib ki, İran və ABŞ arasında dolayı nüvə danışıqlarının yenidən başlaması fonunda, ictimai rəyə təsir göstərmək məqsədilə “qorxuducu peyk görüntüləri” yayılır.
İsrailin bu danışıqlara mənfi təsir göstərdiyini vurğulayan Əraqçi, İsrail Baş naziri Netanyahu-nu “nüfuzunu itirmiş və sabotajçı siyasətçi” kimi xarakterizə edib və onun həm keçmiş, həm də yeni siyasi fiqurlar üzərindən təzyiq göstərməyə çalışdığını bildirib.
Əraqçi əlavə edib ki, İsrail İran əleyhinə fəaliyyətlərdə keçmişdə İraqın sabiq prezidenti Səddam Hüseyn dövründə istifadə olunan qruplardan faydalanmağa çalışır: “Bu qrupların maliyyə yükü az ola bilər, amma onları işə salmaq yalnız tam bir çıxılmaz vəziyyətin göstəricisidir”.
Fox News daha əvvəl yaydığı xəbərdə İranın Semnan əyalətində “Rainbow Site” (Göyqurşağı aahəsi) adlı gizli nüvə obyektinin tikildiyini iddia etmişdi. Kanalın yayımladığı peyk görüntülərinə əsasən, bu obyektin 2 500 dönümlük ərazidə yerləşdiyi və “Diba Energy Siba” adlı kimyəvi maddə istehsalçısı adı altında gizlədildiyi bildirilmişdi. Həmin obyektin on ildən artıqdır fəaliyyət göstərdiyi iddia olunurdu.
Mədinə Cəlilova
20:16 09.05.2025
Oxunuş sayı: 730