Hindistanın S-400 raketləri Pakistan sərnişin təyyarələrinə qarşı istifadə edilib

Hindistan Rusiyadan aldığı S-400 zenit-raket komplekslərinin tərkibində yer alan 40N6 tipli uzaqmənzilli idarə olunan raketlərdən istifadə edərək Pakistanın mülki sərnişin təyyarələrini hədəfə alıb. Hadisə nəticəsində raketlər Pakistanın hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib. Raket qalıqlarının Pakistan ərazisində tapılması isə bu silah sistemlərinin hücum məqsədilə istifadə olunduğunu sübut edir.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, bu, Hindistanın mülki aviasiyaya qarşı birbaşa hücum həyata keçirdiyini göstərir. Qeyd olunur ki, Hindistan bu raketləri yalnız müdafiə deyil, hücum xarakterli məqsədlərlə də tətbiq edir ki, bu da beynəlxalq hüququn pozulması kimi qiymətləndirilə bilər.
Bənzər bir hal daha əvvəl Cənubi Qafqazda da qeydə alınıb. 44 günlük Vətən müharibəsi zamanı Hindistanın müttəfiqi olan Ermənistan Azərbaycanın mülki aviasiyasına qarşı S-300 raket komplekslərindən istifadə edib. Ermənistan Zəngilan ərazisindən buraxılan bu raketlər Azərbaycanın hava hücumundan müdafiə sistemləri tərəfindən neytrallaşdırılıb. Raketlər Bakı yaxınlığında yerləşən Ələt üzərində zərərsizləşdirilsə də, bu məlumat o zaman ictimaiyyətə açıqlanmayıb ki, əhali arasında panika yaranmasın.
Mütəxəssislər hesab edir ki, mülki hədəflərə qarşı bu cür silahların istifadəsi beynəlxalq sülhə və aviasiya təhlükəsizliyinə ciddi təhdiddir.
Fatimə Nəbiyeva
19:11 09.05.2025
Oxunuş sayı: 890