Ukraynada Macarıstan kəşfiyyatına işləyən iki casus saxlanılıb

Ukrayna Təhlükəsizlik Xidməti (SBU) ölkə ərazisində Macarıstan hərbi kəşfiyyatına işləyən iki casusu ifşa edərək həbs edib. Saxlanılan şəxslərin Macarıstanın xeyrinə casusluq fəaliyyəti apardığı və strateji məlumatlar topladığı bildirilir.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, Macarıstan hərbi kəşfiyyatı Ukraynanın qərbində – əsasən Zakarpatiya bölgəsində – casus şəbəkəsi qurub. Bu şəbəkənin əsas məqsədi regionun hərbi müdafiəsi ilə bağlı məlumatlar toplamaq, zəif nöqtələri müəyyənləşdirmək və yerli əhalinin mümkün hərbi müdaxilə halında reaksiyasını öyrənmək olub.
Məlumata görə, saxlanılan casuslar Ukrayna Silahlı Qüvvələrinin bölgədəki yerləşməsi, hərbi texnikanın yerdəyişməsi və sərhəd təhlükəsizliyi ilə bağlı məlumatları toplayaraq xarici xüsusi xidmət orqanlarına ötürüb. Onlar bu fəaliyyətləri zamanı yerli əhali və ictimai təşkilatlarla əlaqələr qurmağa da cəhd göstəriblər.
SBU-nun yaydığı açıqlamada bildirilir ki, bu şəxslər peşəkar şəkildə hazırlanmış və gizli rabitə vasitələri ilə fəaliyyət göstəriblər. Onların üzərindən casusluq fəaliyyətində istifadə olunan texniki vasitələr, elektron daşıyıcılar və şifrəli məlumatlar aşkarlanıb.
Ukrayna təhlükəsizlik qurumları bu cür hallar fonunda Qərb bölgələrində təhlükəsizlik tədbirlərini gücləndirdiklərini və xarici xüsusi xidmət orqanlarının fəaliyyətini daimi nəzarətdə saxladıqlarını bildiriblər. Hadisə ilə bağlı istintaq davam etdirilir.
Fatimə Nəbiyeva
18:58 09.05.2025
Oxunuş sayı: 912