Tramp: ABŞ-lı Papa XIV Leo ilə tanış olmağı səbirsizliklə gözləyirəm

ABŞ Prezidenti Donald Tramp, katoliklərin yeni ruhani lideri seçilən Kardinal Robert Francis Prevost-u təbrik edərək, onun amerikalı ilk papa olmasının “böyük qürur” mənbəyi olduğunu bildirib.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, Tramp bu sözləri özünə məxsus sosial platformasında yazıb. “Prevost-un ABŞ-lı ilk papa olması doğrudan da böyük şərəfdir. Bu, ölkəmiz üçün qürurverici bir andır. Papa XIV Leo ilə tanış olmağı səbirsizliklə gözləyirəm. Bu mənim üçün çox mənalı olacaq,” – deyə o paylaşımında qeyd edib.
Tramp bu açıqlamasından bir neçə gün əvvəl sosial şəbəkədə süni intellektlə hazırlanmış bir foto yayımlamışdı. Həmin görüntüdə Tramp papa libasında, papalıq taxtında əyləşmiş şəkildə əks olunub. Maraqlıdır ki, bu fotonu 3 may tarixində Ağ Evin rəsmi X (keçmiş Twitter) hesabı da şərhsiz paylaşmışdı. Paylaşıma verilən reaksiyalar isə birmənalı olmayıb – bəzi istifadəçilər Trampın papalığı məsxərəyə qoyduğunu düşünərək qəzəblənib, digərləri isə onun xristian inancını ön plana çıxarmaq istədiyini müdafiə edib.
Bundan əlavə, Tramp ötən həftə jurnalistlərin suallarını cavablandırarkən “Papa olmaq istərdim. Bu, mənim bir nömrəli seçimim olardı,” deyərək diqqət çəkmişdi.
69 yaşlı Kardinal Robert Francis Prevost Katolik Kilsəsinin 2000 illik tarixində papa seçilən ilk amerikalı olaraq tarixə düşüb. O, cümə axşamı günü rəsmi olaraq Papa XIV Leo adını qəbul edib. 2023-cü ildə Vatikan tərəfindən çağırılaraq piskopos namizədlərinin dəyərləndirildiyi mühüm idarəyə rəhbər təyin edilmişdi. Bu vəzifə Kilsə daxilində ən təsirli mövqelərdən biri hesab olunur.
Onun seçildiyi konklav, yəni papa seçimi mərasimi, son illərin ən qısa müddətli konklavlarından biri olub. Tarixən ABŞ-ın dünyəvi nüfuzuna görə bir amerikalının papa seçilməsinə tərəddüd edilirdi. Lakin Prevost bu maneəni aşaraq Vatikanın yeni lideri oldu.
Fatimə Nəbiyeva
17:30 09.05.2025
Oxunuş sayı: 851