“Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda elmi-praktiki seminar keçirilib





Ulu Öndərin anadan olmasının 102-ci ildönümü münasibətilə Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) tərəfindən “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda elmi-praktiki seminar keçirilib.
MEMİM-dən Crossmedia.az-a bildirilib ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Azərbaycan Bəstəkarlar İttifaqından keçirilən seminarda İttifaqın sədri, Xalq artisti, AMEA-nın müxbir üzvü, professor Firəngiz Əlizadə və MEMİM-in direktor vəzifəsini icra edən, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vüqar Hümbətov çıxış edib. Bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin xalqımızın rifahı, müasir Azərbaycanın inkişafı istiqamətində əvəzsiz xidmətləri var. Onun mədəniyyətimizin inkişafına göstərdiyi diqqət və qayğı fəaliyyətinin xüsusi bir şaxəsi olduğunu vurğulayıblar.
Professor Firəngiz Əlizadə “Heydər Əliyev və musiqi mədəniyyəti”, Xalq artisti Əbdül Mahmudov “Azərbaycan kino sənətinin inkişafında Heydər Əliyevin rolu”, Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov “Heydər Əliyev obrazı təsviri incəsənətdə”, Əməkdar mədəniyyət işçisi, Azərbaycan Mətbuat Şurasının sədri, "525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid “Azərbaycan mətbuat işçilərinə Heydər Əliyevin diqqət və qayğısı” mövzularında məruzələri dinlənilib.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızının moderatorluğu ilə keçirilmiş seminarda Ulu Öndərin incəsənət xadimləri ilə görüşləri, onlar haqqında fikirlərinin əks olunduğu videoçarx nümayiş olunub, Heydər Əliyevin sevdiyi musiqi əsərləri Xalq artisti Ülviyyə Hacıbəyova və Əməkdar artist İlham Nəzərov tərəfindən səsləndirilib.
14:10 08.05.2025
Oxunuş sayı: 1394