İsrail Qəzzada aclığı idarə etmə planını işə salır

İsrailin Qəzzaya yardımın qarşısını alması və bölgəyə tətbiq etdiyi ağır məhdudiyyətlər beynəlxalq humanitar təşkilatlar tərəfindən ciddi tənqid olunur. Təkcə son iki ayda İsrail 2 milyondan çox fələstinlinin yaşadığı Qəzzaya yardım göndərilməsinə imkan verməyib. Nəticədə bölgədə humanitar böhran dərinləşib, yardım təşkilatlarının yola saldığı gəmilər vurulub, yardım koridorları bağlanıb.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, İsrail “yetəri qədər” adlandırdığı yeni yardım mexanizmi ilə Qəzzaya yardım göndərilməsini planlaşdırır. Lakin bu yardım nə qədər “yetəri qədər”dirsə, bir o qədər də nəzarət altındadır. ABŞ-ın xüsusi təhlükəsizlik şirkətləri vasitəsilə həyata keçiriləcək bu sistem, yardımın dəqiq ölçülərlə və silahlı nəzarət altında paylanmasını nəzərdə tutur. Yardım alan hər bir Qəzza sakini biometrik üz tanıma sistemindən keçməli olacaq. Yardım paketləri isə iki həftədə bir, hər ailəyə 20 kiloqram ərzaq və gigiyenik vasitələrdən ibarət olacaq.
İsrail hökumətinin iddiasına görə, bu sistemin məqsədi yardımların HƏMAS-ın əlinə keçməsinin qarşısını almaqdır. İsrail rəsmiləri HƏMAS-ın yardımları sataraq milyonlarla dollar qazandığını iddia etsələr də, bu barədə hər hansı sübut təqdim olunmayıb. Əksinə, bəzi məlumatlara görə HƏMAS yardım yükünü talayan şəxsləri edam edir.
Netanyahu hökuməti bu planla Qəzzaya “nə çox, nə az – yalnız kifayət qədər” yardım göndərməyi hədəfləyir. Lakin yardım təşkilatları bu miqdarın bölgədəki ehtiyacı qarşılamaq üçün yetərsiz olduğunu bildirir. İsrailin icazə verdiyi gündəlik 60 yardım maşını, iki aylıq atəşkəs dövründə Qəzzaya keçən yardım maşınlarının yalnız onda birinə bərabərdir. Üstəlik, bu yardım yalnız altı mərkəz vasitəsilə 5-6 min ailəyə çatdırılacaq ki, bu da ümumi ehtiyacı ödəməkdən uzaqdır.
Refah şəhərində artıq ərzaq çatışmazlığı səbəbilə izdihamlar yaranıb. Xüsusilə çörək növbələri təhlükəli hal alıb. İsrailin təhlükəsizlik naziri İtamar Ben Gvir yardımın ümumiyyətlə göndərilməsinə qarşı çıxıb və Qəzzada “kifayət qədər yemək olduğunu” bildirib. Likud partiyasının deputatı Moşe Saada isə açıq şəkildə “Qəzzanı aclıqla məhv edəcəyik, məcburuq” deyə bildirib.
İsrailin planına görə yardım bölgədə fəaliyyət göstərən iki ABŞ şirkətinə – “Safe Reach Solutions” və “UG Solutions”a həvalə ediləcək. Bu şirkətlər daha əvvəl də bölgədə nəzarət məntəqələri qurub. Şirkətlərdən biri – UG Solutions – İraqda və Əfqanıstanda xidmət etmiş sabiq hərbçi Ceymson Qovoni tərəfindən idarə olunur. Digəri – SRS – isə keçmiş CIA əməkdaşı Fil Rayli tərəfindən yönəldilir.
Beynəlxalq humanitar təşkilatlar, xüsusilə BMT Humanitar Yardım Koordinasiya Ofisi (OCHA), bu plana qarşı çıxır. BMT və digər yardım qurumları bildirirlər ki, bu sistem mülki fələstinlilərin vəziyyətini daha da ağırlaşdıracaq, yardım paylanmasında tərəfsizlik prinsipini pozacaq və təhlükəsizlik risklərini artıracaq.
İsrail parlamentində hazırda müzakirədə olan qanun layihəsi isə yerli QHT-lərin xarici maliyyələşməsinin qarşısını almağı hədəfləyir. Artıq mart ayında qəbul edilən qaydalara görə, beynəlxalq yardım təşkilatları Fələstinli əməkdaşları barədə məlumatları İsrailə təqdim etmək məcburiyyətindədir.
Nəticədə yardım təşkilatları təhlükəsizlik şirkətlərinin nəzarətində yardım paylamağın tərəfsiz və silahdan uzaq fəaliyyət prinsipinə zidd olduğunu bildirir. BMT-nin fikrincə, bu plan humanitar yardımı nəzarət vasitəsinə çevirməyə xidmət edir və bölgədəki ən ehtiyaclı insanların yenə yardımsız qalmasına səbəb olacaq.
Bu yardım mexanizminin mayın 13-dən sonra – ABŞ prezidenti Donald Trampın bölgəyə səfəri ilə eyni vaxtda işə düşəcəyi gözlənilir. Tramp İsrailə açıq dəstək versə də, Netanyahu ilə son telefon danışığında Qəzzadə humanitar yardımın davam etməsini istədiyini deyib.
Beynəlxalq təşkilatlar isə bildirir: “Bu plan Qəzzadakı insanlara daha çox zərər vuracaq. Yardımın hərbi nəzarətə alınması insanlıq dəyərlərinə ziddir.”
Fatimə Nəbiyeva
14:36 07.05.2025
Oxunuş sayı: 722