Ədalət partiyası qurultaya gedir – Mütəllim Rəhimli açıqladı

Ədalət partiyası sədrinin müavini, Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin sədri Mütəllim Rəhimli bugün mətbuat konfransı keçirib. Konfransda bir çox məsələyə həmçinin Ali Məclisin sədri Meydan Babayevin nizamnamədən kənar iclas keçirməsinə və onu partiyadan uzaqlaşdırılmasının hüquqi əsaslarının olmamasından danışılıb.
Mütəllim Rəhimli qeyd edib: "Ədalət partiyası daxilindəki ciddi hadisələr bizi mətbuat konfransı keçirməyə vadar elədi. Bildiyiniz kimi Ədalət partiyasının bir neçə üzvü 26 apreldə mənim partiyadan azad olunmağımla bağlı "qərar" qəbul edərək KİV-ə məlumat ötürüblər. Demək istəyirəm ki, bu qərarın heç bir hüquqi əsası yoxdur. Bu hərəkətlərin qanunsuz olması ilə bağlı faktlar var. Əslində Ali Məclisin iclası 19 apreldə onlayn və canlı şəkildə iclası keçirilib. Siyasi Şuranın 10 nəfərindən 7-si Ali Məclisi çağırmağa qərar verib. Bununla bağlı onların imzaları da var”.
Mütəllim Rəhimli Ali Məclisin sədri Meydan Babayevin iclasla bağlı verdiyi açıqlamaya münasibət bildirib: "Ali Məclisin sədri guya iclasdan xəbəri olmadığını bildirib. Lakin onun, Ədalət partiyasının votsap qrupuna yazdığı mesajın bu iclası dəstəklədiyini açıq-aşkar ifadə edir. Siyasi Şuranın gündəliyi olub və müzakirələr aparılıb, qərarlar qəbul olunub. Siyasi Şura uzvləri danışdığı söz və qəbul etdikləri qərarla bağlı heç kimdən icazə almalı deyillər. Onu da deyim ki, Ədalət partiyası Ali Məclisinin aprelin 19-da keçirilən iclasında 65 üzvündən 56 nəfəri rayon təmsilçiləridir. 9 nəfər isə VIII qurultaydan seçilib. 65 nəfərdən 56 nəfər Ali Məclis üzvü bu iclasda iştirak edib. Meydan Babayev ofisin kilidini dəyişərək ofisə gələn Ali Məclis üzvlərini içəri buraxmayıb". “Ali Məclis üzvlərini partiyaya buraxmayan şəxs özünü necə bu qurumun sədri adlandıra bilər?” – M.Rəhimov deyib.
Mütəllim Rəhimli həmçinin partiyanın mərhum sədri İlyas İsmayılovun vəsiyyət məsələsinə də aydınlıq gətirib: "İlyas müəllimin vəsiyyəti olduğu yalandır. Bunu oğlu verdiyi açıqlamada da bildirib. İlyas müəllim, qanun, hüquqsevər bir insan idi, o partiyanı kiməsə vəziyyət edə bilməzdi. Lakin sağlığında özündən sonra kimlərin partiya sədri olması haqqında fikrini həmişə ifadə edib”.
Aprelin 19-dan qurultay üçün təşkilat komitəsi yaradılıb və digər strukturların fəaliyyətinə son verilib. Bundan sonra Meydan Babayev də Ali Məclis sədri səlahiyyətlərini yerinə yetirə bilməz, çünki artıq Ali Məclis yoxdur. Bütün səlahiyyətlər Təşkilat Komitəsinə keçib. Təşkilat Komitəsi də üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməkdədir.
M.Rəhimli sonda deyib ki, Ədalət partiyasının Mərkəzi Nəzarət Təftiş Komissiyasının qərarı ilə pozuculuq işi aparmağa cəhd göstərən bir neçə nəfərə xəbərdarlıq edilib. Lakin uzvumüz olmayanların içində cəmiyyətin ziyalı və hörmətli şəxsləri də var idi. Bəlkə də onları hansısa vədlərlə aldadıblar, bəlkə də xahişlə dəvət ediblər. Amma bu həmin insanlara qarşı bizim hörmətimizi dəyişmir. Əgər onlar doğurdan da Ədalət Partiyasın siyasi kursunda iştirak etmək istəyirlərsə, ərizə verib partiyaya daxil olsunlar.
Bir daha demək istəyirəm ki, Ədalət partiyasında fikir ayrılığı olduğunu bildirən şəxsləri Ədalət partiyası bayrağı altında birləşməyə və mayın 17-də keçiriləcək Qurultayda iştirak etməyə və bütün iddialarını da ora gətirməyə çağırıram. Qoy qərarı partiya üzvləri versinlər”.
16:53 30.04.2025
Oxunuş sayı: 1484