Amerika universitetləri Trampa qarşı güclərini birləşdirir

ABŞ-də bir qrup seçkin universitet, Prezident Donald Trampın öz gündəminə uyğun tələbləri məktəblərə qəbul etdirmək cəhdlərinə qarşı gizli ittifaq qurub.
Crossmedia.az “Wall Street Journal”ın məlumatına istinadən xəbər verir ki, ittifaqa əsasən on universitet daxildir.
Universitet rəhbərliklərinin, Tramp administrasiyasının qəbul olunmasını istədiyi tələblərə qarşı mübarizə aparmaq üçün strategiyalar müzakirə etdiyi bildirilir. Hökumət, bu məktəbləri maliyyə yardımlarını dondurmaqla təzyiq altına almağa çalışır.
İttifaqa daxil olan məktəblərin yüksək vəzifəli nümayəndələri, administrasiya ilə hansı məsələlərdə razılaşmağa açıq olduqlarını müzakirə etmək üçün daimi əlaqə saxlayır.
Universitetlər akademik müstəqilliyin və qəbul, işə qəbul və tədris proqramları üzərindəki avtonomiyanın itirilməsinin qəbuledilməz olduğu fikrində birləşir.
Tramp administrasiyası yaxın zamanda 2,2 milyard dollarlıq fondu donduraraq Harvard Universitetini hədəfə almış, məktəbi Daxili Təhlükəsizlik Nazirliyi ilə əməkdaşlıq etməyə məcbur etməyə çalışmışdı.
Universitetlərin gizli ittifaqda toplanması, ölkədəki digər ali təhsil müəssisələrinin də Tramp administrasiyasına qarşı birləşə biləcəyinə işarə edir.
Mədinə Cəlilova
21:40 29.04.2025
Oxunuş sayı: 707