Fransadan bir ilk: Rusiya rəsmi şəkildə kiber hücumlarda ittiham edildi

Fransa hökuməti ilk dəfə olaraq Rusiyanı rəsmi şəkildə kiber hücumlarda günahlandırıb.
Crossmedia.az Fransa xarici işlər Nazirliyi tərəfindən yayımlanan açıqlamaya istinadən xəbər verir ki , Rusiya Hərbi Kəşfiyyat Xidməti GRU, Fransadakı nazirliklər, müdafiə şirkətləri və beyin mərkəzləri daxil olmaqla bir sıra qurumlara qarşı kiber hücumlar təşkil etməkdə ittiham olunub.
Nazirliyin bəyanatında bu hücumların məqsədinin “Fransanı qeyri-sabitləşdirmək” olduğu bildirilib. Açıqlamaya görə, 2021-ci ildən bəri eyni hücum üsulu ilə onlarla qurum hədəf alınıb və ya təhlükəyə məruz qoyulub.
Makronun seçki kampaniyasına hücum iddiası
GRU-ya bağlı APT28 adlı kiber hücum qrupunun Rusiyanın Rostov-na-Donu bölgəsində yerləşdiyi ehtimal edilir. Daha əvvəl də Qərb ölkələri Rusiyanı kiber hücumlarda ittiham etsə də, bu, Fransanın ilk rəsmi ittihamıdır. Paris ilk dəfə öz toplanmış kəşfiyyat məlumatlarına əsaslanaraq Rusiya dövlətini məsuliyyətli sayıb.
Fransa xarici işlər Nazirliyinin məlumatına görə, ittiham olunan kiber hücumlar arasında Prezident Emmanuel Makronun 2017-ci il seçki kampaniyasına və 2015-ci ildə bir televiziya şəbəkəsinə qarşı həyata keçirilmiş hücumlar da var.
Fransa Rəqəmsal Keçid və Telekommunikasiya naziri Jan-Noel Barro isə sosial media platforması X-də yayımladığı açıqlamada, APT28 qrupuna işarə edərək Rusiya hərbi kəşfiyyatının son illərdə Fransaya qarşı kiber hücumlar təşkil etdiyini bildirib və bu hücumları rəsmi olaraq GRU ilə əlaqələndirib.
Mədinə Cəlilova
20:53 29.04.2025
Oxunuş sayı: 1024