Tayland Kralından ilk xarici səfər: Təyyarəni özü idarə etdi

Tayland Kralı Maha Vajiralongkorn ilk xarici səfəri zamanı kral təyyarəsini özü idarə edib.
Crossmedia.az Taylanda mediasına istinadən xəbər verir ki, pilot lisenziyasına sahib olan 72 yaşlı Vajiralongkorn və ikinci pilot kreslosunda əyləşən Kraliça Suthida, 25–28 aprel tarixlərində baş tutan Butan səfərində Boeing 737-800 tipli kral təyyarəsi ilə təxminən 4 saatlıq uçuş həyata keçirib.
Cütlük dünyanın ən çətin eniş zolaqlarından biri sayılan Paro Hava Limanına uğurla eniş edib. Onları hava limanında Butan kralı Ciqme Khesar Namqyel Vanqçuk və kraliça Jetsun Pema qarşılayıb.
2016-cı ildə taxta çıxan Vajiralongkorn, kral kimi ilk dəfə xarici ölkəyə səfər edib. O, Butanın paytaxtı Thimphuda yerləşən Kral Sarayında qarşılanıb. Səfər müddətində iki ölkənin kral ailələrinin görüşləri zamanı paytaxt və ətrafında yüksək təhlükəsizlik tədbirləri görülüb.
Eyni zamanda Buddist ölkələr olan Tayland və Butan kral ailələri, XIII əsrdə tikilmiş tarixi Çangankxa Lhaxanq məbədində keçirilən dini mərasimdə də iştirak ediblər. Səfərin sonunda ölkədən ayrılan Tayland kralı və kraliçası geri dönüş zamanı da təyyarəni özləri idarə ediblər.
Mədinə Cəlilova
20:40 29.04.2025
Oxunuş sayı: 764