Nüvə gücləri arasında gərginlik: Hindistan hər an mücum edə bilər

Kəşmirdə ötən həftə 26 nəfərin həlak olduğu hücumdan sonra Pakistan və Hindistan arasında gərginlik artır. Sərhəd xəttində qarşılıqlı atəş halları davam edir və iki ölkə rəsmiləri sərt açıqlamalar verirlər.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, Pakistanın müdafiə naziri Mühəmməd Asıf Hindistanın istənilən an hücum edə biləcəyini bildirib. O qeyd edib ki, Hindistanın Pakistana hərbi müdaxilə ehtimalı açıq və realdır. “Hava və ya quru məkanımız pozularsa, cavab verməyə tam hazırıq və inşallah Hindistana layiqli cavab veriləcək”, - deyə nazir vurğulayıb.
Asıf, ölkəsinin yalnız varlığı təhlükə altına düşərsə nüvə silahına əl atacağını da bəyan edib. O, Hindistanla bir neçə gün içində müharibə başlaya biləcəyi ilə bağlı sözlərinin isə təhrif edildiyini bildirib.
Hindistan ordusu ölkə daxilində hərbi təlimlər keçirdiyi bir vaxtda, sərhəddə iki ölkənin orduları arasında kiçik miqyaslı toqquşmalar davam edir.Çin tərəflərə təmkinli olmağa çağırıb. Mühəmməd Asıf, Çinlə yanaşı, Körfəz ölkələri ilə də əlaqə saxladıqlarını deyib. ABŞ-nin isə hadisələrə qarışmaqdan çəkinməyə çalışdığını bildirib. ABŞ Prezidenti Donald Tramp Hindistan və Pakistanın problemlərini özlərinin həll etməli olduğunu demişdi.
Yeni Dehli, Hindistan nəzarətində olan Kəşmirdə baş verən hücuma görə Pakistanlı silahlıları məsuliyyətli sayır. Gərginlik fonunda Hindistan, Pakistanla olan su anlaşmasını ləğv edib. İslamabad isə bunu müharibə səbəbi hesab edəcəyini açıqlayıb və hava məkanını Hindistan təyyarələri üçün bağlayıb.
Mədinə Cəlilova
18:23 29.04.2025
Oxunuş sayı: 850