UNRWA: Qəzzada humanitar yardımlar tükənir, aclıq dərinləşir

Qəzza zolağında fələstinlilərin üzləşdiyi humanitar böhran daha da dərinləşir. BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) bölgəyə yardımların tükəndiyini və aclığın kritik həddə çatdığını açıqlayıb.
Crossmedia.az xarici mənbəyə istinadən xəbər verir ki, UNRWA-nın rəsmi "X" (keçmiş Twitter) hesabında yayımlanan məlumatda Qəzzaya yardım aparan 3000-dək humanitar yük maşınının sərhəddə gözlədiyi qeyd olunub. Agentlik yardımların gecikməsinin yeganə səbəbi kimi sərhəd qapılarının bağlı qalmasını göstərib.
"Əsas humanitar ləvazimatlar tükənib. Yardım çatdırılmadıqca aclıq dərinləşir", – deyə UNRWA paylaşımında bildirilib.
Qeyd edək ki, martın 2-dən etibarən İsrail HƏMAS-la atəşkəsin birinci mərhələsinin bitməsindən sonra Qəzzaya humanitar yardımın girişini dayandırıb.
Rəsmi məlumatlara görə, bölgədə 2 milyon 300 min nəfərdən təxminən 2 milyonu didərgin düşüb. Elektrik və su təchizatının kəsilməsi, sərhəd keçidlərinin bağlanması isə fələstinlilərin vəziyyətini daha da ağırlaşdırıb.
Xatırladaq ki, İsrailin 7 oktyabr 2023-cü ildən başladığı hərbi əməliyyatlar nəticəsində indiyədək 52 min 365 fələstinli həyatını itirib, 117 min 905 nəfər yaralanıb.
Aybəniz Səfərova
18:14 29.04.2025
Oxunuş sayı: 943