Türkiyə və Qırğızıstan parlamentləri əməkdaşlıq haqqında sənəd imzalayıb

Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş rəsmi səfərlə Qırğızıstanın paytaxtı Bişkekdə olub. Səfər çərçivəsində o, Qırğızıstan Joqorku Keneşinin (parlament) sədri Nurlanbek Turgunbek uulu ilə görüş keçirib. Görüş zamanı tərəflər ikitərəfli münasibətlərin cari vəziyyəti və gələcək inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar.
Tərəflər regional və qlobal səviyyədə baş verən proseslərə də toxunublar. İclas zamanı həm parlamentlərarası əməkdaşlıq, həm də strateji sahələr üzrə əlaqələrin genişləndirilməsi məsələləri diqqət mərkəzində olub. Qardaş ölkələr arasında münasibətlərin gücləndirilməsinin əhəmiyyəti vurğulanıb.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, danışıqlardan sonra Türkiyə və Qırğızıstan parlamentləri arasında qarşılıqlı anlaşmaya əsaslanan əməkdaşlıq haqqında memorandum imzalanıb. Sənəd, qanunvericilik orqanları arasında təcrübə mübadiləsini və daha sıx əməkdaşlığı nəzərdə tutur.
Numan Kurtulmuş səfəri çərçivəsində Qırğızıstan Prezidenti Sadır Japarov tərəfindən də qəbul edilib. Görüş zamanı tərəflər iki ölkə arasında dostluq və strateji tərəfdaşlığın dərinləşdirilməsi barədə danışıblar. Prezident Japarov, Türkiyə ilə münasibətlərin yüksək səviyyədə olduğunu bildirib.
“Qardaş Türkiyə ilə tərəfdaşlığın möhkəmləndirilməsinə xüsusi önəm veririk. Siyasi, ticarət-iqtisadi, hərbi-texniki və mədəni-humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün böyük, hələ istifadə olunmamış potensial mövcuddur,” – deyə Prezident Japarov bəyan edib. O, bu istiqamətdə atılan addımların iki ölkənin xalqları arasında daha sıx münasibətlərin formalaşmasına töhfə verəcəyini vurğulayıb.
Fatimə Nəbiyeva
16:25 29.04.2025
Oxunuş sayı: 673