13 ölkə Rusiya və Çinin Ay stansiyası layihəsinə qoşuldu

Rusiya və Çin tərəfindən irəli sürülən Beynəlxalq Elmi Ay Stansiyası layihəsi genişlənməyə davam edir. “Roscosmos”un baş direktoru Dmitri Bakanovun sözlərinə görə, artıq 13 ölkə bu təşəbbüsə rəsmi şəkildə qoşulub.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı xarici KİV-lər yayıb.
“Çinlə birgə başladığımız Ay stansiyası layihəsi aktiv şəkildə inkişaf edir. Hazırda bu təşəbbüsə Belarus, Pakistan, Azərbaycan, Venesuela, Cənubi Afrika Respublikası, Misir, Tayland, Serbiya, Nikaraqua, Seneqal, Cibuti, Efiopiya və Boliviya qoşulub. Bu ölkələr arasında BRİKS üzvləri olan Misir, Efiopiya və Cənubi Afrika da yer alır”, – deyə Bakanov bildirib.
O vurğulayıb ki, Rusiya kosmosun öyrənilməsi sahəsində zəngin elmi irsə və texnologiyalara malikdir. “Rusiya Veneranın tədqiqi üzrə unikal elmi məktəblərə sahibdir. Bu günə qədər heç bir ölkə Veneraya eniş texnologiyamızı təkrarlaya bilməyib. Ay və Marsın öyrənilməsi sahəsində də mühüm nailiyyətlərimiz var”, – deyə o əlavə edib.
Bakanov həmçinin bildirib ki, bu texnologiyalar BRİKS çərçivəsində beynəlxalq proqramlara əsas ola bilər: “Bu cür əməkdaşlıq elmi baxımdan daha səmərəli, maliyyə baxımından isə daha qənaətcil olacaq.”
O qeyd edib ki, artıq Çin, Hindistan və BƏƏ-yə məxsus kosmik aparatlar Marsa çatıb, bu ölkələr Ayın araşdırılması sahəsində də təcrübəyə malikdirlər: “Ümid edirik ki, bu sahədə birgə proqramların sayı artacaq və nəticələr daha effektiv olacaq”.
Fatimə Məmmədova
13:00 29.04.2025
Oxunuş sayı: 860