İspaniya və Portuqaliyada genişmiqyaslı elektrik kəsintisi milyonlarla insanı çətin vəziyyətdə qoydu

İspaniya və Portuqaliyada baş verən genişmiqyaslı elektrik kəsintisi milyonlarla insanın həyatına təsir edib. Bazar ertəsi günü yaşanan bu hadisə nəticəsində mağazalar, evlər və restoranlar qaranlığa qərq olub, bir çox insan liftlərdə köməksiz qalıb. Həmçinin, ictimai nəqliyyat, hava limanları və bank sistemlərində ciddi problemlər meydana gəlib.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, İspaniya və Fransa arasındakı elektrik bağlantısında yaranan problem kəsintinin əsas səbəblərindən biri olub. İspaniya və Portuqaliyada elektrik şəbəkəsinin operatorları isə insidentin atmosfer şəraitindəki dəyişikliklərdən qaynaqlandığını açıqlayıblar. İspaniyanın daxili bölgələrində temperatur dəyişikliklərinin yüksək gərginlik xətlərində həddindən artıq qızmaya səbəb olduğu bildirilib. Bunun nəticəsində elektrik sistemlərində ardıcıl nasazlıqlar yaranıb.
İspaniyada elektrik enerjisinin 99%-dən çoxu bərpa edilib, Portuqaliyada isə 6,2 milyon istehlakçıya yenidən enerji verilib. Buna baxmayaraq, bəzi şəhərlərdə tam normallaşmanın bir həftəyə qədər vaxt aparacağı gözlənilir. Madrid və Lissabonda metro stansiyalarında və yolların bağlanması səbəbindən nəqliyyatda xaos yaşanıb, bankomatların işləməməsi səbəbindən uzun növbələr yaranıb.
Rəsmi qurumlar kəsintinin səbəblərini araşdırmağa davam edir. İspaniya və Portuqaliya hökumətləri hadisənin kiberhücumla əlaqəsinin olmadığını vurğulayıblar. İspaniya Baş naziri Pedro Sançes isə vətəndaşları rəsmi açıqlamalardan kənar spekulyasiyalara inanmamağa çağırıb.
Fatimə Nəbiyeva
12:30 29.04.2025
Oxunuş sayı: 808