“Azərbaycan-Gürcüstan münasibətləri : Diplomatik missiyaların fəaliyyəti prizmasından baxış”

Türk Mədəniyyəti və İrsi Fondunun aparat rəhbəri, tarix elmləri doktoru Fəxri Valeh oğlu Hacıyevin (Fəxri Valehoğlu) “Azərbaycan-Gürcüstan münasibətləri (1918-1922-ci illər): Diplomatik missiyaların fəaliyyəti prizmasından baxış” adlı irihəcmli kitabı nəfis tərtibatda çap olunmuşdur.
“Giriş”, 5 fəsil, 22 yarımfəsil, “Nəticə”, “Əlavələr” və “Biblioqrafiya”dan ibarət monoqrafik tədqiqatın ilk fəslində 1917-1922-ci illərdə Güney Qafqazda hərbi-siyasi proseslər şərh edilir. Növbəti fəsillərdə 1918-1922-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti və Azərbaycan İctimai Şura Cümhuriyyətinin (Azərbaycan Sosialist Sovet Respublikası) Tiflis və Batum şəhərlərində, eləcə də Gürcüstan Demokratik Cümhuriyyətinin Azərbaycandakı diplomatik təmsilçiliklərinin siyasi-diplomatik fəaliyyəti, strukturu, kadr tərkibi, təsərrüfat və maliyyə təminatı məsələləri hərtərəfli araşdırılır.
Monoqrafiyanın yazılmasında, başlıca olaraq, ilkin mənbələrdən ‒ Azərbaycan və Gürcüstan arxivlərində saxlanılan rəsmi yazışmalar, təliqələr, təlimatlar və hesabatlar, tədqiqatın əhatə olunduğu dövrdə Bakı, Tiflis, Batum, Kutais və Axaltsixe şəhərlərində Azərbaycan, gürcü, rus və ingilis dillərində yayımlanan mətbu orqanlarının materiallarından istifadə olunmuş, elmi dövriyyəyə çox sayda yeni mənbə və faktlar gətirilmişdir. Bununla da zəngin faktoloji materiallar əsasında, eləcə də mətbuat xəbərlərinə istinadən həm tədqiqat obyekti olan diplomatik missiyaların fəaliyyəti hərtərəfli araşdırılmış, həm də Azərbaycan-Gürcüstan münasibətlərinin müxtəlif sahələrinə dair maraqlı faktlar üzə çıxarılmışdır.
Tədqiqatın müddəa və nəticələrindən 1917-1922-ci illər Qafqaz siyasi tarixinin, xüsusən Azərbaycan və Gürcüstanın xarici siyasət, beynəlxalq münasibətlər və diplomatiya tarixinin öyrənilməsində və tədrisində istifadə oluna bilər.
Qeyd olunmalıdır ki, Türk Mədəniyyəti və İrsi Fondu və AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun xətti ilə işıq üzü görmüş monoqrafiya adıçəkilən institutun Elmi Şurasının qərarı çapa məsləhət görülmüşdür.
12:05 26.04.2025
Oxunuş sayı: 929