İsrail İranın nüvə obyektlərini deyil, hərbi sənayesini hədəfə almaq niyyətindədir

ABŞ Dövlət Departamenti açıqlayıb ki, sabiq Prezident Donald Tramp İrana qarşı bütün vasitələrdən istifadə etmək hüququna sahibdir. Bu bəyanat Vaşinqtonun Tehranın nüvə proqramı ilə bağlı mövqeyində sərt xətt yürütmək niyyətindən xəbər verir. Ekspertlər hesab edir ki, bu yanaşma müharibə riskini də gündəmə gətirir. Bildirilir ki, danışıqlara üstünlük verilsə də, hərbi variant masadan tamamilə kənarlaşdırılmayıb. Hazırkı vəziyyət Yaxın Şərqdə sabitliyə ciddi təsir edə bilər.
Bakı Dövlət Universitetinin dosenti, politoq Əlimusa İbrahimov mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verərək bildirib ki, Prezident Donald Tramp və onun administrasiyası İranın nüvə silahına sahib olmasının qarşısını almaqda israrlıdır və bu məqsədlə bütün vasitələrdən istifadə olunacağını bəyan edir.
Politoloqun sözlərinə görə, Prezident Donald Tramp dəfələrlə bildirib ki, İranın nüvə silahına malik olması yolverilməzdir. ABŞ Dövlət Departamentinin bu məsələdə bütün vasitələrdən istifadə hüququnu özündə saxlaması, ehtimal olunan hərbi müdaxilə ehtimalını da gündəmə gətirir. Buraya diplomatik danışıqlarla yanaşı, İranın nüvə obyektlərinə raket zərbələri endirilməsi də daxildir.
Əlimusa İbrahimov qeyd edib ki, bu bəyanat ABŞ-ın İranın nüvə proqramını yalnız diplomatik yolla deyil, lazım gəldikdə hərbi yolla da dayandırmağa hazır olduğunu göstərir. Hazırda danışıqlar aparılır və nəticələrin əldə olunacağına dair ümidlər var. Hər iki tərəf - həm ABŞ, həm də İran - danışıqların sülh yolu ilə nəticələnməsində maraqlıdır.
Politoloqun fikrincə, ABŞ bu münaqişənin müharibəyə çevrilməsinin qarşısını almaq istəyir. Bununla belə, prosesə mənfi təsir göstərən qüvvələr də var. Bu qüvvələrin başında isə İsrail dayanır. İsrail İranla sülh danışıqlarının nəticə verməsində maraqlı deyil və birbaşa hərbi zərbələrə üstünlük verir.
Əlimusa İbrahimov hesab edir ki, İsrail yalnız İranın nüvə obyektlərini deyil, ümumilikdə hərbi sənayesini hədəfə almaq niyyətindədir. Çünki İranın raket, dron və kimyəvi sənaye sahələri də inkişaf edib və İsrail bu sahələrin də sıradan çıxarılmasını hədəfləyir. Bu baxımdan, İsrail ABŞ-ı da hərbi müdaxiləyə təhrik edir.
Politoloqun sözlərinə görə, hazırda ABŞ və İran nümayəndə heyətləri arasında danışıqlar davam edir. Hər iki tərəf nümayəndələrə danışıqları nəticəyə çatdırmaq üçün göstəriş verib. Bu da onu göstərir ki, tərəflər müharibə olmadan məsələni həll etmək istəyirlər.
Əlimusa İbrahimov əlavə edib ki,Prezident Donald Tramp əslində müharibə tərəfdarı deyil. O, prezidentliyə gəlməzdən öncə və prezidentliyi dövründə müharibələrin qarşısını almağa söz verib və bu istiqamətdə bir sıra addımlar atıb. Lakin Rusiya-Ukrayna və İsrail-Həmas müharibələrində uğur qazana bilməyib.
Politoloq vurğulayıb ki, Prezident Donald Tramp üçün bu gün İranla hər hansı strateji razılaşmanın əldə olunması vacibdir. Çünki prezidentlik dövrünün yüz günü tamam olur və Prezident Donald Tramp bu müddət ərzində konkret uğur əldə etməyə çalışır. İranla əldə ediləcək hər hansı bir razılaşma onun üçün ciddi diplomatik nailiyyət ola bilər.
Əlimusa İbrahimov sonda qeyd edib ki, bu müharibə əslində ABŞ-ın deyil, daha çox İsrailin maraqlarına xidmət edir. Əgər münaqişə başlasa, bu, İsrail-İran müharibəsi kimi tarixə düşəcək. Prezident Donald Tramp isə bu müharibəyə birbaşa qoşulmaqda maraqlı deyil və məsələni diplomatik yolla həll etmək niyyətindədir.
Fatimə Nəbiyeva
18:45 24.04.2025
Oxunuş sayı: 1026