Dostoyevskinin unudulmuş dünyasından səhnəyə: Bir knyazın yuxusu, bir şəhərin oyunu
Dostoyevski deyəndə ilk ağla gələn söz, yəqin ki, “komediya” deyil. “Cinayət və cəza”, “Karamazov qardaşları”, “İdiot”, “Şeytanlar” kimi əsərləri ilə insan psixologiyasının ən qaranlıq qatlarına enən yazıçının səhnədə gülüş doğuran tərəfi ilə qarşılaşmaq ilk baxışdan bir qədər gözlənilməz görünür. Amma Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında nümayiş olunan “Dayının yuxusu” tamaşası məhz bu fərqli Dostoyevski ilə tanış edir.
Dünən izlədiyim tamaşa bitəndə məndə ilk yaranan fikir bu oldu: Dostoyevskinin özünün “zəif” hesab etdiyi bir əsərin səhnədə bu qədər fərqli yozuma çevrilməsi ayrıca maraq doğurur. Yazıçının 1859-cu ildə nəşr olunan “Dayının yuxusu” povesti onun yaradıcılığında sonrakı məşhur psixoloji romanlarından tamamilə fərqli yerdə dayanır. Əsərin mərkəzində böyük faciələrdən daha çox əyalət həyatı, şəxsi maraqlar, dedi-qodu, sosial status arzusu və insanların bir-biri haqqında yaratdığı saxta təsəvvürlər dayanır.
Tamaşanın rejissoru, həmçinin səhnələşdirmə müəllifi və musiqi tərtibatçısı Mikayıl Mikayılov bu dünyanı XIX əsrin Mordasovundan çıxarıb müasir zamana gətirib. Burada klassik mətnlə bugünkü informasiya mühiti arasında bir körpü qurulur. Tamaşanın özünəməxsus cəhətlərindən biri də budur: səhnədə baş verənlər yalnız keçmişin əyalət şəhərinin hekayəsi kimi görünmür.
Mordasovun qeybət və intriqaları bu dəfə “Dostoyevski FM” vasitəsilə yayılır. Sanki XIX əsrin dedi-qodu şəbəkəsi bu gün internetə köçüb. Kiminsə haqqında deyilən söz saniyələr içində yayılır, həqiqətlə uydurma arasındakı sərhəd isə getdikcə itir. Bu baxımdan əsərin köhnə süjetinin müasir informasiya mühiti ilə əlaqələndirilməsi tamaşanın əsas ideyalarından birini daha aydın göstərir.
Hadisələrin mərkəzində isə Mariya Aleksandrovna Moskalyova dayanır. O, qızı Zinaidanın gələcəyi üzərindən özünün də sosial pillədə yüksəlməsinə çalışır. Qarşısına çıxan Knyaz K. isə bu plan üçün gözlənilməz fürsətə çevrilir. Yaşlı, yaddaş problemi yaşayan və keçmişlə bu günü bir-birinə qarışdıran knyazın Zinaidaya olan münasibəti Mariya Aleksandrovnanın qurduğu oyunun əsasına çevrilir.
Əsərin ən maraqlı tərəflərindən biri də odur ki, burada “yuxu” təkcə Knyaz K.-nın yaşadığı hadisə deyil. Tamaşaya baxdıqca insanın özünün də hansısa qəribə yuxunun içində olduğunu düşünürsən. Kim nəyi xatırlayır, kim nəyi uydurur, kim nəyə inanır, kim isə başqasının yaratdığı həqiqətin içində yaşayır? Tamaşanın komik tərəfi də məhz bu qarışıqlıqdan doğur.
Əməkdar artist Sənubər İsgəndərovanın canlandırdığı Mariya Aleksandrovna səhnənin əsas hərəkətverici qüvvələrindən biridir. Onun xarakterində hiyləgərlik, ambisiya və özünü haqlı çıxarma bacarığı bir araya gəlir. Əməkdar artist Ayşad Məmmədovun Knyaz K. obrazı isə tamaşanın komik yükünü daşıyan əsas personajlardan biridir. Knyazın hadisələri bir cür yaşaması, sonra isə tamam başqa cür xatırlaması səhnədə absurd situasiyalar yaradır.
Zinaida obrazında Nərminə Məhərrəmova, Xronikaçı və Dmitri Mozqlyakov rollarında Cavidan Novruzov, digər obrazlarda isə tamaşanın aktyor heyəti hadisələrin tempini qoruyur. Burada aktyorların qarşılıqlı oyunu xüsusilə vacibdir. Çünki tamaşa uzun monoloqlardan çox, sürətli reaksiyalar, baxışlar, hərəkətlər və səhnə üzərində yaranan situasiyalarla irəliləyir.
Səhnə tərtibatında da klassik dövrün birbaşa bərpasına gedilməyib. Əksinə, müasirlik açıq şəkildə hiss olunur. Elektron musiqi, radio atmosferi, işıq həlli və səhnədəki müxtəlif əşyalar tamaşanın zamanını qəsdən qarışdırır. Beləcə, qarşımızda nə tam XIX əsr, nə də tam XXI əsr dayanır. İki dövrün arasında qurulmuş qəribə bir Mordasov yaranır.
Xüsusilə səhnənin mərkəzində yerləşən taxta konstruksiya diqqət çəkir. Tamaşa boyunca müxtəlif funksiyalar daşıyan bu element həm məkanın dəyişməsinə xidmət edir, həm də quruluşun vizual ritmini saxlayır. Şəffaf vitrinlər isə personajların sanki nümayiş etdirilən, müşahidə olunan və eyni zamanda özlərini nümayiş etdirdikləri bir mühit yaradır.
Tamaşanın maskalarla başlaması da təsadüfi deyil. Personajların üzlərini gizlədən bu maskalar əsərin özəyində dayanan saxtakarlıq və görünüş məsələsini səhnə dili ilə ifadə edir. İnsanların bir-birinə göstərdiyi üzlə gerçək üz arasında fərq olduğu kimi, Mordasovda danışılanlarla baş verənlər arasında da böyük məsafə var.
Musiqi isə tamaşanın ayrıca hiss olunan elementlərindən biridir. Xüsusilə ikinci hissədə ritmin sürətlənməsi hadisələrin komik və absurd atmosferini daha da gücləndirir. Səhnədəki hərəkətlilik artdıqca tamaşa da daha çox “karnaval” xarakteri alır.
“Dayının yuxusu”nun ən maraqlı tərəfi məncə elə budur: Dostoyevskini bu dəfə ağır psixoloji dramın müəllifi kimi deyil, insanların zəifliklərini, sosial ambisiyalarını və bir-birinə münasibətlərindəki gülünc tərəfləri göstərən yazıçı kimi görürük.
Dünənki tamaşadan sonra bir daha aydın olur ki, klassik əsəri səhnəyə gətirmək yalnız mətni olduğu kimi oynamaq deyil. Bəzən əsərin yazıldığı dövrü dəyişmək, onu başqa zamanın dili ilə danışdırmaq və tamaşaçıya “bu hekayə əslində bu gün də bizə tanışdır” hissini vermək kifayətdir.
Dostoyevskinin özünün illər sonra zəif hesab etdiyi “Dayının yuxusu” bu dəfə başqa bir yuxudan oyanaraq səhnəyə çıxıb. Bu yuxuda Mordasovun sakinləri XIX əsrdə qalmayıb. Onlar bizimlə eyni informasiya səs-küyünün içində yaşayır, eyni dedi-qodulara inanır, eyni sosial statusun arxasınca qaçır və bəzən həqiqətlə özlərinin yaratdığı “həqiqəti” ayırd edə bilmirlər.
Bəlkə də tamaşanın əsas sualı da elə budur: Yuxu bitəndə həqiqətən oyanırıq, yoxsa sadəcə başqa bir yuxuya keçirik?
Nigar Xəlilli
15:30 18.09.2026
Oxunuş sayı: 57