Hələ kitabxanaların sonu deyil - Pərviz Kazimi
Son günlər kitabxanaların cəmiyyətdəki rolu, onlardan gözləntilər və müasir dövrdə qarşılaşdıqları problemlərlə bağlı müxtəlif fikirlər səslənir. Bu mövzuda aparılan müzakirələr kitabxanaların gələcəyi ilə bağlı mühüm suallar doğurur. Lakin diqqət çəkən məqamlardan biri də Azərbaycanda kitabxanaların hazırkı vəziyyətinin, mövcud problemlərinin və inkişaf ehtiyaclarının bu müzakirələrdə kifayət qədər geniş əks olunmamasıdır.
Mövzu ilə bağlı Crossmedia.az-a fəlsəfə doktoru, dosent Pərviz Kazimi müsahibə verib:
- Pərviz müəllim, sizin bu günlərdə yayınlanan “Kitabxanalardan nə istəyirik?”adlı təhlil xarakterli məqaləniz kitabxana ictimaiyyətinin geniş marağına səbəb oldu və xeyli müzakirələr yaratdı. Ancaq təəccüb doğuran odur ki, məqalənizdə Azərbaycanda kitabxanaların müasir durumu ilə əlaqədar heç bir münasibət bildirmirsiniz.
- Mənə də həmkarlarımız məsajlar
göndərir, fikirlərini bölüşürlər. Yayınlanan məqalənin məqsədi Azərbaycanda
kitabxanaların müasir durumunu qiymətləndirmək deyildi. Kitabxanalar haqqında
formalaşmış bir “amorf müəssisə” düşüncəsi mövcuddur. Təəssüflə də olsa
deməliyəm ki, belə bir yanlış düşüncə yalnız siravi istifadəçi düşüncəsi deyil,
bir çox ziyalıların da kitabxanalara baxışı qüsurludur. Bu da çox yanlış ictimai rəy yaradır. Məqsəd
kitabxana-informasiya fəaliyyətinin sosial və kulturolojı funksiyasını tarixi
aspektdə təhlil etməklə onun inkişaf mərhələlərini göstərmək və mədəni
cəmiyyətdə oynadığı əhəmiyyətli rolu geniş oxucu kütləsinə çatdırmaq idi.
Eləcə də, Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 14 yanvar tarixli
Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət
Konsepsiyasında müəyyənləşdirilmiş mədəniyyətin altı əsas sahələrindən üçüncüsü
kimi göstərilən “bilgi mədəniyyəti” daxilində kitabxana-informasiya
fəaliyyətinin missiyasını və perespektivlərini müəyyənləşdirmək idi.
Əslində yayınlanan məqalə 25 səhifəlik elmi məqalənin ixtisar olunmuş
və sadələşdirilmiş versiyası idi. İnşallah məqalənin tam mətni bu yaxınlarda
ingilis dilində beynəlxalq elmi jurnallardan birində çap olunacaq. Eləcə də
həmkarlara deməliyəm ki, hələ kitabxanaların sonu deyil.
- Bəs Azərbaycanan böyük kitabxana təsərrüfatına rəhbərlik edən Mədəniyyət Nazirliyində hal-hazırda Kitabxanalarla əlaqədar islahat proqramı həyata keçirilir. Bu məsələlər “Mədəniyyət-2040” konsepsiyasına daxil deyil?
- Nəzərinizə çatdırım ki,
Respublikada ən böyük kitabxana təsərrüfatı Elm və Təhsil Nazirliyinin
tabeliyindədir və təxminən beş minə yaxın kitabxana müəssisəsini əhatə edir.
Mədəniyyət Nazirliyinin tabeliyində cənab nazir müavini Fərid Cəfərovun dediyi
kimi 3400 kitabxana fəaliyyət göstərir.
Dogrudur ki, SSRİ-dən qalmış
normativ sənədlərə əsasən Mədəniyyət Nazirliyi bütün növ kitabxanalar üçün
mərkəz funksiyasını daşımalıdır. Lakin bu ayrıca bir müzakirənin mövzusudur.
Metodiki mərkəz institutu artıq yox olmaqdadır. Eləcə də Mərkəzləşdirilmiş
kitabxana Sistemləri də əhəmiyyətini itirir və yaqin ki, ləğv olunacaq.
“Mədəniyyət-2040”
konsepsiyasında “bilgi mədəniyyəti” daxilində kitabxanaların oynayacagı rol
yaqin ki, “Milli kitabxana” tərəfindən alt konsepsiya kimi işlənib
hazırlanacaq. Ümumiyyətlə konsepsiyanın müəyyənləşdirdiyi mədəniyyətin əsas
altı istiqamətində alt konsepsiyaların hazırlanması əhəmiyyətli ola bilər və
mövzunu nəzəriyyədən praktik fəaliyyətə çevirər.
Bilgi mədəniyyətini kim formalaşdıracaq? Əgər kitabxana yalnız informasiya təqdim edən müəssisə kimi qalırsa, onun rolu yenə ənənəvi çərçivədədir. Kitabxana informasiya xidməti, idrak prosesi, kollektiv yaddaş, mədəniyyət, geniş sosial fəaliyyəti əhatə edirsə o zaman kitabxanalar bilgi mədəniyyətinin infrastrukturu kimi təqdim olunur.
- Pərviz müəllim keçirilən Sertifikasiya imtahanları haqqında bir fikir söyləmədiniz.
- Sertifikasiya imtahanlarının
keçirilməsinin nə metodikasından, nə də ki, məqsədlərindən xəbərim yoxdur.
Yaradılmış komissiyanın tərkibində bir neçə yüksək dərəcəli sahə mütəxəssisinin
iştirak etdiyini bilirəm. Əldə etdiyim məlumatlarla ümumiləşdirmələr etmək
istəmirəm və şayələrlə ciddi qərarlar almaq olmaz. Kitabxana əməkdaşlarının da
peşə səviyyəsini imtahanlarla yüksəltmək mümükün deyil. İmtahan götürməzdən
əvvəl onlara bir sıra dərsləri vermək lazım idi. Məktəb müəllimlərinin
sertifikasiya imtahanlarında bir motivasiya var. İmtahanı verənlər daha yüksək
əməkhaqqı almaq ümidindədirlər. Bəs kitabxana işçiləri imtahanı verdikdən sonra
nə əldə edəcəklər? Bəzi sadəlöv həmkarlarımız düşünür ki, ixtisar olunacaq iş
yerlərinin hesabına digərlərinin maaşı yüksəldiləcək. Bu əmək məcəlləsinə
ziddir. Belə bir işi həyata keçirmək üçün əmək qanunvericiliyində dəyişikliklər
etmək lazımdır.
Zənnimcə hər hansı
kitabxananın uğurlu fəaliyyəti bir kitabxanaçının yüksək peşəkarlığından daha
çox menecmentin qarşıya qoydugu vəzifələrin öhdəsindən nə dərəcədə gələ
bilməsindən asılıdır. Məhz kitabxana menecerlərindən belə universal bacarıqlar
tələb oluna bilər. Rastlaşdığımız bir
çox hallarda kitabxana müdürləri yarıtmaz fəaliyyətlərini kitabxanaçıların
bacarıqsızlığı ilə izah edirlər. Əlbətdə ki, bu manipulyasiyadır. Əgər
kitabxana meneceri kitabxanaçı qarşısında hansı vəzifələri qoymalı oldugunu
bilmirsə, ona konkt tapşırıqlar verə bilmirsə, kollektivi mütəşəkkil edə
bilmirsə, kitabxananın əsas və yardımçı funksiyalarını bilmirsə, əməkdaşları
təkmilləşdirməyə sövq edə bilmirsə o zaman kitabxanalar haqqında “amorf
müəssisə” imici yaranır.
- Siz bu imtahanların əleyhinəsiniz?
- Xeyir, əleyhinə deyiləm. Əksinə
həyatımın çox böyük bir hissəsini imtahanlara həsr etmiş adam olaraq sizə
deməliyəm ki, bu il Bakı Dövlət Universitetinin İnformasiya və sənəd menecmenti
fakültəsində müəllimliyimin qırx ili tamam olur. İmtahan həmişə səfərbəredici
xüsusiyyətə malikdir. Bütün hallarda imtahanların keçirilməsi ətaləti aradan
götürür, əməkdaşları səfərbər edir, hərəkətlənmə yaradır, əməkdaşları öz
üzərində çalışmaga sövq edir və bütün hallarda faydalıdır. Lakin onu da
deməliyəm ki, keçirilməmiş dərsin imtahanı həmişə çoxmənalıdır və nəticələri məqsədəyönümlü
olmur. Eləcə də mənə
aydın deyil ki, nəyi sertifikasiya edirik? Kitabxanaçının kitab haqqında
biliyini? kataloqlaşdırma bacarığını? informasiya axtarışını? istifadəçi ilə kommunikasiya
qabiliyyətini? rəqəmsal bacarıqlarını? informasiya savadlılığını? analitik
düşüncəsini? informasiya xidmətinin nəticəsini təhlil etmək bacarığını? Yoxsa,
hamısını birlikdə?
Əgər kitabxanalar
dəyişirsə, kitabxanaçı peşəsinin özü dəyişirsə, köhnə peşə biliklərini
yoxlamaqla yeni kitabxana modelini yaratmaq mümkün deyil. Sertifikasiya
kitabxanaçının keçmiş funksiyalarını deyil, gələcək informasiya xidmətini
həyata keçirmək qabiliyyətini ölçməlidir.
- Azərbaycanda kitabxanalarla əlaqədar aparılan islahatlar barədə nə deyə bilərsiniz?
- Aparılan islahatlara
Azərbaycan Prezidentinin “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin
strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər
haqqında” 2019-cu il 15 yanvar tarixli 472 nömrəli fərmanının icrası kimi
baxmaq lazımdır. Fərmanın əsas ideyasını
müəyyənləşdirən birinci və ikinci maddələrini diqqətinizə çatdırıram: “1.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv
edilsin. 2. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində yeni,
mütərəqqi və ölkənin bütün ərazisini əhatə edəcək kitabxana sisteminin
yaradılması, habelə mədəniyyət və təhsil xidmətləri göstərən qurumların
(mədəniyyət mərkəzləri, klublar, musiqi məktəbləri, rəsm qalereyaları və s.)
fəaliyyətində səmərəliliyin artırılması məqsədilə təkliflər hazırlanması üçün
aşağıdakı tərkibdə Komissiya yaradılsın:”
Həmin fərmanın 3.1.
və 7.2 bəndləri də kitabxana işçiləri üçün son dərəcə əhəmiyyətlidir. Fərmanın 3.1
maddısi sahənin yüksək dərəcəli mütəxəssislərinə yeni imkanlar açmalıdır, 7.2
maddəsi isə artıq yaşı keçmiş, köhnə kitabxana modelinə adət etmiş əməkdaşların
sığortasını nəzərdə tutur.
Qeyd edim 2019-cu ilin dekabr ayının 23-də Prezidentin müvafiq
fərmanı ilə “Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanununda
müvafiq dəyişikliklər edildi. Odur ki, ümid etmək olar ki, nəhayət mədəniyyət
nazirliyinin daxilində olmamaqla, onun tabeliyində fəaliyyət göstərən
“Kitabxanalar baş idarəsi” oxşarında bir qurum təşkil ediləcək və yaqin ki,
bütün islahatlar da bu istiqamətdə aparılır.
- Yeni kitabxana modeli haqqında nə deyə bilərsiniz?
- Bütün növ kitabxanalara vahid
model qurmaq çox çətindir. Çünki hər birinin fərqli funksiyaları var. Bu gün çox
istedadlı uşaqlarımız, məktəblilərimiz və gənclərimizin əgər qiraətində
qüsurları varsa, ənənəvi mütaliə vərdişləri formalaşmayıbsa, əgər nitqlərində
anlaşılmamazlıqlar varsa məktəblə bərabər uşaq kitabxanalarının da bu işdə
məsuliyyəti var.
Universitet kitabxanalarının
funksiyası təmamilə fərqlidir. Əgər məktəb kitabxanası uşaqlarla kommunikasiya
etmək, ənənəvi mütaliəni təbliğ etmək, bədii qiraətin gözəlliyini məktəblilərə
çatdırmaqdırsa, universitetlər məlumat bazaları, elmi informasiya axını ilə, elmi
indeksləşmə ilə məşğul olurlar. İrəli sürülən yeni kitabxana modeli yaqin ki,
kütləvi kitabxanaları əhatə edəcək. Burada,
yayınlanmış məqalədən bir fikri təkrarlamaq istəyirəm. Kütləvi
kitabxanalar kollektiv milli yaddaşın formalaşdırılmasında əhəmiyyətli
qurumlardır və diqqəti bu istiqamətə yönəltmək faydalı ola bilər.
Nəzərinizə çatdırım ki, bir sıra qabaqcıl ölkələrdə diqqəti cəlb edən xeyli işlər görülür. Amerikada, Avropa ölkələrində bu sahədə xeyli maraqlı işlər var. Lakin ən diqqətə layiq olanı, eləcə də bizim milli və dövlət maraqlarımıza uyğun gələni Türkiyə təcrübəsidir. Əminəm ki, Mədəniyyət nazirliyinin funksionerləri və Azərbaycan kitabxanalarının rəhbərliyini həyata keçirən şəxslərin çox saylı ezamiyyətlərinin nəticəsində Türkiyə modelindən xəbərləri var. Türkiyə modelinin tətbiqi ölkədə həm siyasi iradənin qarşıya qoydugu vəzifədir, həm də peşəkar nöqteyi-nəzərdən qabaqcıl model hesab edilir.
XXI əsrin kitabxanası
yalnız kitabın saxlandığı məkan deyil, o eləcədə cəmiyyətin informasiya mühitini, bilik dövriyəsini,
kollektiv yaddaşını və müəyyən mənada idrak proseslərini təşkil edən sosial
institutdur. Buna
görə də kitabxana islahatı binaların, fondların və ştatların yenilənməsi deyil,
cəmiyyətin informasiya təşkilinin yenidən layihələndirilməsidir.
Kitabxana informasiya mühitinin layihələndirilməsi və idarə olunması sistemidir düşüncəsi ilə XXI əsrdə Azərbaycan kitabxanasının yeni missiyasını “kitabxana, informasiya fəaliyyəti, kollektiv idrakın formalaşdırılması fəaliyyəti, kollektiv yaddaş və mədəniyyət” xətti ilə modelləşdirmək olar. Burada, “vahid kitabxana modeli” deyil, “vahid kitabxana siyasəti və diferensial funksional modellər” təklif etmək mümkündür.
Nigar Xəlilli
14:30 31.08.2026
Oxunuş sayı: 135