İrandan ABŞ hərbçilərinə zərbə – aviabaza dronlarla vuruldu
İran ordusu Birləşmiş Ərəb Əmirliklərindəki Əl-Minhad aviabazasına dronlarla hücum etdiyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, İran dövlət televiziyası bu barədə ordunun bəyanatına istinadən məlumat yayıb.
İran tərəfinin məlumatına görə, hücum zamanı ABŞ hərbçilərinin və helikopterlərinin yerləşdiyi ərazilər onlarla hücum dronu ilə hədəfə alınıb.
İran ordusu əməliyyatın ABŞ-nin İranın Larak adasına endirdiyi zərbəyə cavab olaraq həyata keçirildiyini bildirib. Tehran həmin hücum nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun hərbçilərinin və mülki şəxslərin öldüyünü açıqlayıb.
Əl-Minhad aviabazası Dubayın cənubunda yerləşir və burada ABŞ və digər Qərb ölkələrinin hərbi qüvvələri də fəaliyyət göstərir. Son hücumla bağlı zərərin miqyası və itkilər barədə müstəqil təsdiqlənmiş məlumat hələlik açıqlanmayıb. İranın Əl-Minhad bazasına hücum barədə açıqlaması regionda ABŞ ilə İran arasında qarşıdurmanın yenidən genişlənməsi fonunda səslənib.
Qeyd edək ki, ABŞ avqustun 30-da İranın Larak adasında yerləşən iki raket qurğusuna zərbə endirdiyini bildirib. Vaşinqton həmin qurğuların İran İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən Hörmüz boğazına raket və dəniz minaları yerləşdirmək üçün hazırlandığını iddia edib.
09:55 31.08.2026
Oxunuş sayı: 56