Bu ixtisasa maraq ən aşağı səviyyəyə düşüb - ləğv edilmə təhlükəsi var
Bəzi ixtisaslara marağın azalması son illərdə ali təhsil seçimləri ilə bağlı diqqətçəkən məsələlərdən birinə çevrilib. Xüsusilə abituriyentlərin ixtisas seçimi zamanı əmək bazarındakı perspektivləri və gələcək məşğulluq imkanlarını nəzərə alması bəzi ixtisaslara marağın zəifləməsinə səbəb olur. Kitabxanaçılıq ixtisası da bu baxımdan son illərdə əvvəlki populyarlığını qoruyub saxlaya bilməyən ixtisaslar sırasında göstərilir. Halbuki bu sahə uzun illər Azərbaycan ali təhsil sistemində özünəməxsus yer tutub. BDU-da fəaliyyət göstərən müvafiq fakültə müxtəlif dövrlərdə fərqli ixtisasları özündə birləşdirib və burada təhsil alan məzunlar sonradan müxtəlif istiqamətlərdə fəaliyyət göstəriblər. Hazırda isə ixtisas seçiminə yalnız universitetdə oxumaq deyil, məzun olduqdan sonra iş tapmaq perspektivi də ciddi təsir göstərir. Bu səbəbdən əmək bazarında tələbatın məhdud olduğu ixtisaslara maraq da aşağı düşür.
Təhsil eksperti Məzahir Məmmədli məsələ ilə bağlı fikirlərini Crossmedia.az-a açıqlamasında bildirib ki, Bakı Dövlət Universitetinin İnformasiya–Kitabxanaçılıq və informasiya fəaliyyəti ixtisası əvvəllər Kitabxanaçılıq və biblioqrafiya olmaqla iki ixtisası birləşdirən bir fakültə idi və oraya daha çox BDU-nun Hüquq, Filologiya, Şərqşünaslıq fakültələrinə balı çatmayanlar üz tuturdular.

"1992-ci ildən test qəbuluna keçildikdən sonra isə həmin ixtisası balı yetərli olanlar daha çox məcburiyyətdən seçməyə başlayıblar. Çünki bu gün əmək bazarında məhz kitabxanaçılıq, kitabxanaçılıq və informasiya fəaliyyəti, redaktə işi və bu kimi bir neçə ixtisas üzrə məzunların iş tapması kifayət qədər çətindir. Ona görə də abituriyentlər arasında bu ixtisaslara maraq aşağıdır və kiminsə balı həmin ixtisasa çatırsa, sadəcə seçim etmək məcburiyyətində qalır. Ümumilikdə marağın aşağı olmasının əsas səbəblərindən biri də məzunların sonradan iş tapmaqda çətinlik çəkməsidir. Bu gün BDU-nun Kitabxanaçılıq fakültəsinin məzunlarına baxsaq, onların əksəriyyətinin ya mediada, ya da digər sahələrdə çalışdığını görərik. Kitabxana sahəsində işləyənlərin sayı təxminən 10-15 faiz, bəlkə də bir qədər çox ola bilər. Digər tərəfdən, kitabxanaçılıq ixtisasının gələcək perspektivini görməyən abituriyentlər də topladıqları bala uyğun olaraq bu ixtisası məcburiyyətdən seçirlər. Nəticədə bu sahəyə real marağı olanlardan daha çox, başqa seçim imkanı məhdud olan şəxslər həmin ixtisasa yönəlirlər.”
Zeynəb Həsən
13:30 28.08.2026
Oxunuş sayı: 56