Kanada daha bir İran rəsmisini deportasiya etməyə hazırlaşır
Kanada hakimiyyəti Torontoda yaşayan İranın keçmiş yüksək vəzifəli məmuru Abbas Omidinin ölkədən deportasiya edilməsi prosesinə başlayıb.
Crossmedia.az xəbər verir ki, “IranWire” bu barədə məlumat yayıb.
Kanada Sərhəd Xidmətləri Agentliyi (CBSA) Omidini Yaxın Şərqdə İran tərəfindən dəstəklənən silahlı qruplaşmaların maliyyələşdirilməsinə mühüm töhfə verməkdə ittiham edir.
Abbas Omidi 2022-ci ildə Kanadaya gəlməzdən əvvəl İranın Sənaye, Mədən və Ticarət Nazirliyində Baş İdarə rəisinin müavini vəzifəsində çalışıb. O, Kanadanın İran rejiminin yüksək vəzifəli şəxslərinə qarşı tətbiq etdiyi tədbirlər çərçivəsində araşdırılan 37 məmurdan biridir.
CBSA-nın hesabatında İranın mədən sektorunun hərbi qurumlar və İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə sıx əlaqələrinin olduğu bildirilir. Agentlik Omidinin tutduğu vəzifə və təsir imkanları vasitəsilə İran rejiminin mədən resurslarından gəlir əldə etməsinə və bu vəsaitlərin hərbi strukturlar, silah istehsalı və terror təşkilatlarının maliyyələşdirilməsinə yönəldilməsinə töhfə verdiyini iddia edir.
Omidinin deportasiya işi Kanada Miqrasiya və Qaçqınlar Şurasında (IRB) araşdırılır. Dinləmələr mart ayında başlayıb və qurum prosesin başa çatdığını, yekun qərarın payızda açıqlanacağını bildirib.
Məhkəmə dinləmələri zamanı Omidi İranın mədən nazirliyində Baş İdarə rəisinin müavini olduğunu təsdiqləsə də, vəzifəsinin əhəmiyyətini azaltmağa çalışaraq işinin əsasən texniki xarakter daşıdığını bildirib.
CBSA-nın məlumatına görə, Kanadada “İran rejiminin yüksək vəzifəli şəxsi” kateqoriyasına aid edilən şəxslərlə bağlı 182 araşdırma işi açılıb. Bundan başqa, SEPAH-a üzvlükdə şübhəli bilinən 51 İran vətəndaşı barəsində deportasiya prosesi aparılır.
15:03 27.08.2026
Oxunuş sayı: 53