Berlinin gizli planı üzə çıxdı: milyardlarla avroluq arsenal
Almaniya Rusiyanın mümkün təhdidlərinə qarşı müdafiə imkanlarını gücləndirmək məqsədilə yeni uzaqmənzilli silah arsenalı yaratmağı planlaşdırır.
Crossmedia.az xəbər verir ki, “Politico”nun yaydığı məlumata görə, Berlin bu layihə üçün təxminən 12 milyard avro vəsait ayırmağı nəzərdə tutur.
Proqram çərçivəsində müxtəlif tipli raket sistemlərinin alınması planlaşdırılır. Buraya kütləvi istehsal oluna bilən daha ucuz raketlər, ABŞ istehsalı Tomahawk qanadlı raketləri və gələcək hipersəs silahları daxildir.
Yeni silah sistemləri Almaniya ordusuna potensial düşmənin yüzlərlə, hətta minlərlə kilometr dərinliyində yerləşən hədəfləri vurmaq imkanı verməlidir. Mümkün hədəflər sırasında komanda mərkəzləri, aerodromlar, raket buraxılış qurğuları və logistika obyektləri göstərilir.
Almaniya bu addımla Avropanın öz uzaqmənzilli sistemlərini hazırlaması başa çatana qədər effektiv silah imkanlarına sahib olmağı planlaşdırır.
Proqramın ən bahalı hissəsi Böyük Britaniya ilə birgə həyata keçiriləcək. İki ölkə yeni yüksək imkanlı qanadlı raket və hipersəs planlayıcı silah üzərində işləyir.
Sözügedən sistemlərin 2000 kilometrdən çox məsafədə yerləşən hədəfləri vurmaq imkanına malik olacağı gözlənilir. Layihənin ilkin mərhələsinin növbəti onilliyin ortalarına qədər tamamlanması planlaşdırılır.
Sənədlərə əsasən, Almaniya bu istiqamətə təxminən 9 milyard avro ayırmağı, əlavə olaraq 182 milyon avronu istismar xərclərinə yönəltməyi nəzərdə tutur. Qanadlı raketlərin hazırlanması və alınması üçün isə ayrıca 1,8 milyard avro, texniki xidmət üçün isə 97 milyon avro planlaşdırılır.
Bununla belə, bu vəsaitlər hələ təsdiqlənməyib. Almaniya Müdafiə Nazirliyi bildirib ki, layihələr Bundestaqın razılığından keçməlidir.
Berlinin bu addımı Almaniya hərbi rəhbərliyinin NATO-ya qarşı Rusiyadan gələn mümkün təhlükənin onilliyin sonuna qədər arta biləcəyi barədə xəbərdarlıqları fonunda atılır.
Almaniyanın planına əsasən, yeni çəkindirmə sistemi Rusiya hərbi infrastrukturunu cəbhə xəttindən uzaqda yerləşsə belə potensial hədəfə çevirə bilər.
19:05 22.08.2026
Oxunuş sayı: 80