Gündəm

Ermənistan Baş naziri Nikol Paşinyan Bakı və İrəvanın qarşılıqlı olaraq məhkəmə iddialarını geri götürməsi ehtimalından danışıb. O, İctimai Televiziyaya müsahibəsində bildirib ki, bu addım yalnız sülh müqaviləsinin imzalanacağı halda mümkün ola bilər. “Əgər həqiqi sülhə nail olsaq, keçmişdə baş vermiş hadisələrə görə nə biz, nə də onlar bir-birimizə qarşı iddia qaldırmamalıyıq”, - deyə Paşinyan vurğulayıb. Baş nazir, həmçinin sərhəddə avropalı müşahidəçilərin yerləşdirilməsi məsələsinə toxunaraq, Azərbaycanın belə bir tələb irəli sürdüyünü inkar etməyib. Bununla yanaşı, İrəvanın sərhədin delimitasiyası aparılacaq hissələrdən müşahidəçiləri geri çəkməyi təklif etdiyini qeyd edib.

Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən politoloq, vəkil Yalçın Hacızadə Ermənistanın işğal siyasətinin beynəlxalq hüququn prinsiplərinə və bir çox konvensiyalara zidd olduğunu bildirib.

“Torpaqlarımız 30 ilə yaxın işğalda qalaraq talan edilib, flora, fauna və təbii resurslar qəsdən istismar olunub. Yüz minlərlə azərbaycanlı öz torpaqlarından didərgin düşüb, on minlərlə vətəndaşımız qətlə yetirilib. Xocalı soyqırımı kimi vəhşi akt xalqımıza qarşı həyata keçirilib. Bütün bunları ayrı-ayrı erməni fiziki şəxslər həyata keçirsələr də, bu, Ermənistan dövlətinin siyasətinin bir hissəsi olub. Rəsmi İrəvanın bizə qarşı düşmən siyasəti dövlət siyasəti olub.

İran Qafanda konsulluq açanda İslam həmrəyliyi yadına düşmürdü - Politoloq  | Kaspi.az

Bir çox fiziki şəxslərə qarşı bizim tərəfdən cinayət işi açılıb, bəziləri də istintaqa və məsuliyyətə cəlb olunublar. İkinci Qarabağ müharibəsinin nəticəsində torpaqlarımızı işğaldan azad edərək beynəlxalq qətnamələri özümüz icra etdik. Əsas məqsədimiz ədaləti təmin etməkdir.
Buna görə də işğalı həyata keçirmiş, ağır cinayətləri törətmiş fiziki şəxslər və Ermənistan dövləti mütləq məsuliyyətə cəlb olunmalıdır. Ədalət tam olaraq yalnız o zaman təmin edilə bilər.

Azərbaycan dövləti Ermənistana qarşı müxtəlif predmetli işlərin aparılması üçün beynəlxalq qaydada məhkəmələrə müraciət edib. Bunların sülhə mane olacağını düşünmürəm, əksinə, iki ölkə və xalqları arasında sülhü yaxınlaşdıracağını və etimadı təmin edəcəyini hesab edirəm.
Ona görə Ermənistan Baş naziri Paşinyanın açıqlamalarını onun arzuları kimi qiymətləndirirəm. Rəsmi Bakının da bunu ciddi qəbul etməyəcəyini, beynəlxalq hüquqi mübarizəni davam etdirəcəyini düşünürəm”, - deyə Yalçın Hacızadə vurğulayıb.

Maral Şahverdili

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il