Zəngəzur dəhlizinin açılması ideyası 2020-ci ildə İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra yaranıb və atəşkəs bəyanatında öz əksini tapıb. Onun həyata keçirilməsi region ölkələri, eləcə də xarici oyunçular üçün mühüm geosiyasi əhəmiyyətə malikdir. Çünki Yaxın Şərqdə baş verən yeni münaqişələr Hindistandan İsrailə və oradan da Avropaya yönələn “Baharat yolu”nun qarşısını aldı. Rusiya-Ukrayna müharibəsi Rusiya ilə Almaniyanın Avrasiyada dominantlıq layihələrinə əngəl oldu. Mövcud durum, Türk dövlətləri ərazisində keçən “orta yolu” (türk yolu) aktuallaşdırır. Bütün yollar Zəngəzur dəhlizinə çıxır. Yeni dünya nizamı bu məkanda formalaşır. Salvador Dali “Geosiyasi uşaq” əsəri ilə buna öncədən bir “mistik baxış” ortaya qoymuşdur. Bunu öncədən anlayan böyük güclər, birlikdə 90-cı illərdə Qarabağı işğal etdilər və bu işğalı 30 il ATƏT-in Minsk qrupu kölgəsi altında qoruyub saxladılar. 2020-ci ildə Qarabağın azad olunması ilə mövcud plan pozuldu və Zəngəzur dəhlizi məsələsi gündəmə gəldi. 30 il bu işğalda iştirak edən və ATƏT-in Minsk qrupunda ABŞ və Fransa ilə həmrəy olan Rusiya indi nədənsə, onlara qarşı çıxır. Bu müddətdə səsini çıxarmayan və gizli məmnunluğunu ifadə edən İran, nədənsə bu gün Zəngəzur dəhlizini özünün “qırmızı xətti” hesab edir. Bunlar, özlərini fərqli rollarda ifa edən bir komandanın oyunçularına bənzəyirlər.
Rusiya üçün Zəngəzur dəhlizi mühüm nəqliyyat qovşağına nəzarət etmək və Cənubi Qafqazda öz hərbi və siyasi təsirini saxlamaq üçün bir fürsətdir. Moskva regionun sabitliyində maraqlıdır, lakin Türkiyə və Azərbaycanın mövqelərini gücləndirə biləcək təşəbbüsləri dəstəkləmir. Rusiya Zəngəzur dəhlizinin, ola bilsin, Rusiyanın sülhməramlı qüvvələri vasitəsilə öz nəzarəti altında qalmasını təmin etməyə çalışır. Lakin, bu şansı ABŞ və Fransa Rusiyaya verə bilməz. Rusiya isə, onların maraqlarını bölgədə tamamilə təkbaşına ortadan qaldıra bilməz. Buna görə də, bölgədə müəmmalı və kövrək Rusiya-Türkiyə ittifaqı mövcuddur. Bu ittifaq, Rusiyanın bölgədə öz varlığını qorunub saxlanılmasına və dəhliz üzərində nəzarəti ələ keçirməsinə hesablanır. Lakin, bu nə ABŞ və Fransanın, nə də Türkyənin geosiyasi maraqlarına uyğundur. Rusiyanın bölgəni Türkiyə ilə bölüşdürməsi ehtimalı isə, nə onun maraqlarına, nə digər qlobal və regional oyunçuların maraqlarına cavab verir. Rusiya 30 il ATƏT-in Minsk qrupunda olduğu kimi, bölgəni ən çətin durumda ABŞ və Fransa ilə bölüşdürmək məcburiyyətində qala bilər. Əks təqdirdə, ABŞ tərəfindən hərbi və malyyə baxımından idarə olunan Ukrayna ordusu Rusiyaya daha ağır zərbələr endirə bilər. Bugünkü Paşinyan hökuməti sanki bölgədə Minsk qrupunu yenidən bərpa etmək uğrunda çalışır. Bu gün Ermənistan ərazisində sanki Minsk qrupu yenidən bir araya gəlir. Rusiyanın Ermənistan ilə son dövrdə dəfələrlə artan ticarət dövriyyəsi müəyyən müəmmalı əlaqələrin mövcudluğundan xəbər verir.
İran üçün bu dəhliz ciddi narahatlıq doğurur, çünki o, regionda status-kvonu dəyişə və İranın Azərbaycan və Ermənistan arasında tranzit qovşağı kimi rolunu azalda bilər. Üstəlik, Türkiyənin İran sərhədləri yaxınlığında nüfuzunun artması Tehranın maraqlarına uyğun deyil, çünki bu, İrandakı Azərbaycan icması arasında separatçılıq əhval-ruhiyyəsini artıra bilər. Buna görə də, İranın maraqları bölgədə bu baxımdan Rusiya ilə daha çox uzlaşır. Türkiyənin bölgəyə girməsinə etiraz edən güclər ilə İran bir arada olmağa hazırdır. Biz bunu Suriyada da görürük. İranda islahtçıların ABŞ və Fransa ilə, klerikalların Vatikan ilə sıx əlaqələrinin olduğunu nəzərə alsaq, İranın bölgə dövlətləri üçün çox təhlükəli bir dövlət olduğunu başa düşərik.
Türkiyə üçün Zəngəzur dəhlizi Azərbaycanla əlaqələri gücləndirmək və Cənubi Qafqazda təsir imkanlarını genişləndirmək üçün strateji şansdır. Bu dəhliz Türkiyəyə Azərbaycanla və dolayısı ilə Mərkəzi Asiyanın qalan türkdilli dövlətləri ilə quru əlaqəsini təmin etməyə, yeni iqtisadi imkanlar əldə etməyə imkan verir. Bu, “Türk Birliyi” konsepsiyasını gücləndirir və Ankaraya regional enerji layihələrinə, o cümlədən, enerjiyə nəzarət etmək üçün əlavə rıçaqlar verir. Bu, Türkiyənin qlobal enerji xabına çevrilməsinə və Avropanı özündən asılı duruma salmağa şərait yaradır. Türkiyənin bu şəkildə irəliyə getməsi ABŞ, Fransa, Rusiya, İranın maraqlarına uyğun gəlmir.
Çin üçün dəhliz “Bir kəmər, bir yol” təşəbbüsü kontekstində vacibdir. Zəngəzur dəhlizi Mərkəzi Asiya və Qafqaz vasitəsilə Çini Avropa ilə birləşdirən alternativ nəqliyyat marşrutlarının bir hissəsi ola bilər. Pekin bu marşrutun sabitliyində maraqlıdır və onu öz ixracı və investisiyaları üçün əlavə marşrut kimi görür. Bununla belə, Çinin regiondakı siyasəti ehtiyatlıdır və Çin münaqişənin müxtəlif tərəfləri arasında tarazlıq yaradaraq açıq müdaxilədən yayınmağa çalışır. O, dao fəlsəfəsindən çıxış edərək “su axar çuxura düşər” məqamını gözləyir. O, indiki qeyri-müəyyənlk durumunda “gözləmək” və “harmoniya yaratmaq” strategiyasını seçir.
ABŞ üçün Zəngəzur dəhlizi nəqliyyat marşrutlarının şaxələndirilməsi baxımından vacibdir. Çünki bu Avropanın Rusiya və İrandan asılılığını azaltmağa kömək edir. O, dəhlizi Ermənistanla əlaqələri gücləndirmək, eləcə də Rusiya və İranın təsirinə qarşı çıxmaq yolu kimi görür. ABŞ Cənubi Qafqazda möhkəmlənmək və qlobal logistikaya nəzarət etmək üçün Zəngəzur dəhlizinə nəzarəti öz əlinə almağa çalışır. Bununla həm Çini, həm də Avropanı öz təsiri altında saxlamaq məqsədini daşıyır. Əks təqdirdə, ABŞ Avrasiyanı tərk edərək dünya siyasətində öz nüfuzunu itirəcəkdir.
Göründüyü kimi, Zəngəzur dəhlizi qlobal və regional güclərin fərqli və ziddiyyətli maraqlarının düyün nöqtəsinə çevrilibdir. Hamı yeni dünya nizamında öz payını almaq üçün, geriyə addım atmaq fikrində deyil. Bütün bu maraqların da bir araya gətirilməsi mümkün görünmür. Çünki Zəngəzur dəhlizi təkcə nəqliyyat marşrutu deyil, həm də geosiyasi qarşıdurma obyektidir. Onun həyata keçirilməsi regionda qüvvələr balansını kökündən dəyişdirə, onu hər biri öz strateji mənfəətlərini təmin etməyə çalışan bir çox aktorların maraqlarının mərkəzinə çevirə bilər.
Mövcud durumdan mümkün çıxış yolu kimi “3+3” formatı seçilmişdir. O, altı ölkəni: üç Qafqaz dövlətini (Ermənistan, Azərbaycan və Gürcüstan) və üç böyük qonşu ölkəni (Rusiya, Türkiyə və İran) özündə birləşdirən regional əməkdaşlıq üçün təşəbbüs mexanizmidir. Bu formatın əsas məqsədi Qərb ölkələrinin (əsasən qlobalist Qərbin) iştirakı olmadan Cənubi Qafqazın sabitləşməsinə və inkişafına töhfə vermək, dialoq və iqtisadi əməkdaşlıq üçün məkan yaratmaqdır. Bununla belə, onun regionda sülhün təmin edilməsində effektivliyi mübahisəli olaraq qalır.
“3+3” formatı region ölkələrinə Qərbin müdaxiləsinə arxalanmadan məsələləri müstəqil şəkildə həll etməyə imkan verir. Bu, suverenliyi gücləndirməyə və xarici aktorlardan asılılığı azaltmağa kömək edir. Lakin, bunun üçün region dövlətlərində siyasi hakimiyyət milli maraqları təmsil edən qüvvələrin əlində cəmləşməlidir. Gürcüstan seçkilərdən sonra tədricən bu formatda iştirak edə bilər. Bu onun iqtisadi maraqlarına cavab verir. Gürcüstanın Qərbin təsir dairəsindən tədricən uzaqlaşması, Ermənistanın da xarici siyasətində müəyyən dəyişikliklərə səbəb olacaqdır. Çünki artıq Ermənistan bölgədə qlobalist Qərbin bir şeyə nail olmadığını anladı. Ermənistanın Azərbaycan və Türkiyə ilə əməkdaşlıqdan başqa yolu qalmadı. Buna alternativ yol seçmək intihara bərabərdir.
İran və Türkiyə sabitlikdə ortaq marağa baxmayaraq, Cənubi Qafqazda nüfuz uğrunda yarışır. Rusiya da öz mövqelərini gücləndirməyə çalışır ki, bu da maraqların toqquşmasına gətirib çıxarır. 3+3 formatı kövrək xarakter daşısa da, regional iqtisadi inkişaf baxımından əhəmiyyətlidir. İqtisadi maraqlar siyasi maraqları da tədricən uzlaşdıra bilər. Bu formatın həm yaranmasını, həm də onun davam etməsini təmin edən faktor, qlobalist Qərbin regiona daxil olması qorxusudur. Əslində, bu qorxu nə qədər mövcud olacaqsa, format bir o qədər qalıb inkişaf edəcəkdir. Bu qorxu itdiyi təqdirdə, region dövlətləri əvvəlki tarixi dövrlərdə olduğu kimi, regionda dominantlıq uğrunda qaşıdurmaya gedəcəklər.
3+3 formatı Azərbaycanın maraqlarına uyğundur. Bu iqtisadi inkişafa və Azərbaycanın regional güc mərkəzinə çevrilməsinə şərait yaradır. Bu format gələcəkdə Turan iqtisadi və siyasi birliyinin təməlində dayana bilər. Ora bütün Türküstan, Əfqanıstan, Pakistan kimi ölkələr də qoşula bilər. Bu isə, Asiyada BRİCS təşkilatına alternativ bir beynəlxalq qurumun yaranmasına səbəb ola bilər ki, bu qurumda türk dövlətləri əsas söz sahibi ola bilərlər. Buna nail olunsa, Azərbacan gələcəkdə Zəngəzur dəhlizi üzərində əsas söz sahibi ola bilər.
Rauf Məmmədov
Cross Media Analitik Qrupun eksperti, fəlsəfə doktoru