Şübhəsiz ki, 1990-cı illər Azərbaycan tarixinin ən qarışıq və çətin dövrlərindən biridir. Qarabağ münaqişəsi, yeni müstəqilliyini bərpa etmiş bir ölkənin üzləşdiyi iqtisadi və siyasi problemlər, eləcə də hakimiyyətdəki boşluqlar Azərbaycan üçün ciddi çətinliklər yaratmışdı. Bu dövrdə, 1992-ci ildən başlayaraq, Azərbaycan Ermənistanın təcavüzkar siyasətini beynəlxalq ictimaiyyətə çatdırmaq və münaqişənin həlli üçün dəstək əldə etmək məqsədilə müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlıq etməyə başladı. Bu təşkilatlardan biri də Avropa Şurası Parlament Assambleyası (AŞPA) idi. AŞPA o zaman yeni müstəqillik əldə etmiş dövlətlərə yardım vəd edir və insan hüquqlarına xüsusi əhəmiyyət verirdi. Görünüşdə hər nə qədər belə olsa da, sonrakı illərdə müşahidələr göstərdi ki, bu təşkilatın mövqeyi daim ədalətli olmamışdır. 1996-cı ildə Azərbaycan “xüsusi dəvət olunmuş qonaq” statusu aldı, 2000-ci il iyunun 28-də isə tam hüquqlu üzv kimi qəbul edildi.
AŞPA-nın özünün əsas nailiyyətləri kimi göstərdiyi fəaliyyət sahələri aşağıdakılardır:
Üzv dövlətlərdən ölüm hökmünün ləğvini tələb etməklə, yeni qəbul olunmuş ölkələrdə ölüm cəzasına son qoymaq;
Avropa İnsan Hüquqları Konvensiyasının yaradılması və təkmilləşdirilməsi;
Üzv dövlətlərdə insan hüquqları pozuntularını üzə çıxaran yüksək profilli hesabatlar hazırlamaq;
1989-cu ildən sonra keçmiş sovet ölkələrinə demokratik keçiddə dəstək göstərmək;
Münaqişələrin həllində və ya mübahisəli məsələlərdə konsensus yaratmaqda üzv ölkələrə yardım etmək.
AŞPA bu nailiyyətləri uğurlu fəaliyyəti kimi qiymətləndirir və özünü insan hüquqlarının müdafiəsində nüfuzlu təşkilat hesab edir. Lakin, Azərbaycanın timsalında AŞPA-nın fəaliyyətinin nə dərəcədə obyektiv və səmimi olduğu sual doğurur. Belə ki, Azərbaycanla bağlı bir çox həyati əhəmiyyət daşıyan məsələlərdə AŞPA-nın susqunluğu və ya qərəzli mövqeyi təşkilatın obyektivliyinə kölgə salır.
Son illərdə Azərbaycanın beynəlxalq səviyyədə təşkil etdiyi yüksək səviyyəli tədbirlər AŞPA-da narazılıqla qarşılanıb və bunun ardınca Azərbaycana qarşı qərəzli tənqidlər artıb. 2-ci Qarabağ müharibəsindən sonra Azərbaycanın ərazi bütövlüyünü təmin etməsi ilə əlaqədar olaraq AŞPA tərəfindən göstərilən münasibət daha da sərtləşib. Bu çərçivədə Avropa dövlətlərinə Azərbaycanın enerji asılılığından çıxmağı tövsiyə edən çağırışlar edilib.
Azərbaycanla əməkdaşlıq dövründə, xüsusən də Ermənistanın işğalçı siyasətinə və Azərbaycana qarşı təcavüzlərinə münasibətdə AŞPA-nın fəaliyyəti son dərəcə zəif olmuşdur. Avropa Şurasında işgəncələrin qarşısını almaq üçün monitorinq aparan xüsusi komitə fəaliyyət göstərir. Amma bu komitə Ermənistanın təcavüzkarlığı və işğal altındakı Azərbaycan torpaqlarında baş verən insan haqları pozuntuları barədə heç bir ciddi tədbir görməmişdir. O dövrdə Azərbaycan AŞPA-ya üzv olmadığı üçün kömək göstərilmədiyi bəhanəsi irəli sürülə bilər. Lakin bu dövrdə 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün kimi ağır şəraitdə yaşamaq məcburiyyətində qalmışdı.
Azərbaycan AŞPA-ya tam üzv olduqdan sonra da Qarabağ münaqişəsinin ədalətli həlli üçün ciddi səylər göstərirdi. Məsələn, 2016-cı il yanvarın 26-da AŞPA-nın plenar iclasında Azərbaycanın işğal altında olan əraziləri ilə bağlı iki mühüm hesabat müzakirəyə çıxarıldı. Bunlar britaniyalı parlamentari Robert Valter tərəfindən hazırlanmış "Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılıq hallarının artması" adlı sənəd və bosniyalı parlamentari Militsa Markoviçin "Azərbaycanın cəbhəboyu rayonlarının sakinlərinin qəsdən içməli sudan məhrum edilməsi" barədə hazırladığı sənəd idi. Birinci sənəd 66 lehinə, 70 əleyhinə səslə qəbul edilmədi, ikinci sənəd isə 98 lehinə, 71 əleyhinə səslə qəbul edildi.
AŞPA, Dağlıq Qarabağda Azərbaycanın mədəniyyət abidələrinin məhv edilməsi, məcburi köçkünlərin vəziyyəti kimi məsələlər haqqında bəzi sənədlər yaymışdı. Lakin, Ermənistanın işğal etdiyi ərazilərdə azərbaycanlıların dini və mədəni abidələrinə qarşı təhqiramiz davranışlarına – məscidlərdə donuz saxlanılması və tarixi abidələrin dağıdılmasına – dair heç bir ciddi qərar qəbul edilmədi. Digər beynəlxalq təşkilatlar Dağlıq Qarabağda qondarma rejimin keçirdiyi seçkiləri qınadığı halda, AŞPA bu məsələdə də susdu. Prezident İlham Əliyev də AŞPA-nın qərəzli mövqeyinə ciddi münasibət bildirib. O qeyd edir ki: “Qondarma Dağlıq Qarabağda xunta rejiminin keçirdiyi saxta prezident və parlament seçkiləri bir şou və təlxəklər tamaşasıdır. Dünyanın heç bir dövləti illərdir keçirilən “məzhəkə oyununun” nəticələrini tanımayıb. Hətta Dağlıq Qarabağ münaqişəsinin həlli üçün vasitəçilik missiyası ilə çıxış edən ATƏT-in Minsk qrupu həmsədrləri – Amerika, Fransa, Rusiya qondarma xunta rejimində keçirilən seçkiləri və nəticələrini tanımadıqlarını bildiriblər. Avropa İttifaqı da eynilə seçkiləri tanımadığını bəyan edib. Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, digər təşkilatlar - bütün aparıcı beynəlxalq təşkilatlar bu seçkiləri qınadı. Məsələyə təkcə Avropa Şurası münasibət bildirmədi və yuxarıda adları keçən dövlətlərin və beynəlxalq təşkilatların sırasına qoşulmadı. Avropa Şurasının susmağının səbəbi bəllidir. Çünki Avropa Şurası Parlament Assambleyasının əsas hədəflərindən biri Azərbaycanı ləkələmək, ölkəmizi gözdən salmaq, ölkəmiz haqqında uydurmalar yaymaq, saxta məruzələr qəbul etdirmək, Azərbaycanda “beşinci kolonu”, satqınları və münaqişə ilə bağlı Ermənistan tərəfini dəstəkləməkdir”.
2-ci Qarabağ müharibəsi zamanı Azərbaycanın Gəncə və Bərdə şəhərlərinə Ermənistan tərəfindən raket hücumları nəticəsində dinc sakinlərin, o cümlədən uşaqların həlak olması halları da AŞPA tərəfindən yalnız izlənildi. Bu hallar AŞPA-nın Azərbaycana qarşı qərəzli mövqeyini açıq şəkildə nümayiş etdirir. Hazırda AŞPA-nın üzv dövlətlərin problemlərini həll etməkdə səmərəsiz qalması və işğalçılara göz yumması təşkilatın nüfuzunu şübhə altına alır.
AŞPA-nın Azərbaycanda müxtəlif təxribatçıların həbsi ilə bağlı insan haqları pozuntularının baş verdiyini iddia etməsi və ölkədə mətbuat azadlığının olmadığını vurğulaması kimi qətnamələri də reallıqdan uzaqdır. Bütün bu nüanslar AŞPA-nın Azərbaycan üçün heç bir əhəmiyyət kəsb etmədiyini və obyektivliyinə ciddi şübhə yaratdığını sübut edir.
Ayhan Ağarzayev