İqtisadi

İqlim dəyişmələri artıq qlobal problem olaraq bütün dövlətlər qarşısında danılmaz reallıq kimi dayanır. Mineral yanacaq növlərindən istifadə və bunun nəticəsində atmosferə atılan istixana qazlarının artması dünyada temperaturun yüksəlməsinə, buzlaqların əriməsinə və ümumilikdə təbiət-cəmiyyət münasibətlərində balansın pozulmasına gətirib çıxara bilər. Meşə yanğınları, sel, tufan, torpaq sürüşmələri, şoranlaşma və s. kimi hadisələr, sürətlə dəyişən iqlim canlı aləm və insanlar üçün sağlamlıq problemləri yaradır. Bu səbəbdən də, iqlim dəyişiklikləri ilə mübarizə sahəsində çoxsaylı tədbirlər, müzakirələr keçirilir ki, bunlardan da ən geniş əhatəlisi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransıdır.
Təcrübə göstərir ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının sessiyaları keçirildiyi müxtəlif ölkələrdə (COP27 – Misir, COP28 - BƏƏ) iqtisadi təsirlərlə də yadda qalır. Mühüm qlobal əhəmiyyət daşıyan bir tədbir kimi COP29 da Azərbaycana və regiona iqtisadi baxımdan ciddi təsirlər göstərə bilər. Ona görə də, dünyanın dayanıqlı inkişaf məqsədlərindən irəli gələn ən irimiqyaslı qlobal tədbir olan COP-un ölkəmizdə keçirilməsi mühüm əhəmiyyət kəsb edir və Azərbaycan dövlətinin daha bir uğuru kimi dəyərləndirilə bilər. Qeyd olunduğu kimi, iqlim dəyişiklikləri ilə mübarizə, COP29-un səmərəli və təhlükəsiz keçirilməsi kimi məsələlər, çətin və məsuliyyətli olmaqla yanaşı, ciddi iqtisadi dividendlər də vəd edir. İlk növbədə enerji sektorunda, yaşıl enerji istehsalı, istehlakı və ixracında ciddi nəticələrin əldə olunacağı, artıq reallığa çevrilməkdədir.   
Hələ 2015-ci ildə imzalanmış məlum Paris Sazişi iqlim dəyişikliyi və bunun yaradacağı problemləri daha da aktuallaşdırdı və dünyanın bütün dövlətlərini iqlim dəyişikliyi ilə mübarizə məqsədi ətrafıanda cəmləşdirdi. Həmin ildən etibarən də bütün danışıqlar və müzakirələr məhz Paris Sazişində müəyyən edilən ardıcıllığa, strategiyaya uyğun davam etdirilir. 
Digər istiqamətlərdə olduğu kimi, bu sahədə də Azərbaycan hər zaman öz üzərinə düşən missiyanı vaxtında yerinə yetirib və iqlim dəyişmələri ilə bağlı mübarizədə də Azərbaycan öz modelini yaratmaqdadır. Bu model təbii-iqtisadi sərvətlərdən qənaətlə və uzunmüddətli istifadə, təkrar istifadə və emala üstünlük verilməsi kimi xüsusiyyətlərlə xarakterizə olunur. Həm də dayanıqlı inkişaf məqsədlərindən irəli gələn bu model Azərbaycana imkan verəcək ki, ətraf mühitin çirklənməsi, resursların tükənməsi, biomüxtəlifliyin pozulması ilə mübarizə aparsın, iqlim dəyişmələri ilə mübarizə sahəsində BMT-nin dayanıqlı inkişaf məqsədlərini həyata keçirsin, innovasiyanın və müasir işgüzar yanaşmaların tətbiqini təmin etsin. Hansı ki, bütün bunlar, artıq 30 illik işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı tətbiq edilməkdədir. 
COP29 çərçivəsində iqlim dəyişikliyi ilə mübarizə, davamlı inkişafa və yaşıl enerjiyə keçid məsələləri müzakirə ediləcəkdir ki, bunlar da Azərbaycanın və regionun iqtisadiyyatına təsir edən amillərdir. Aydındır ki, müxtəlif ölkələrdə daha əvvəllər keçirilən konfranslardan da göründüyü kimi, COP29-un əsas hədəfi, iqlim dəyişikliyi ilə mübarizə, yaşıl enerjiyə keçid,  karbon emissiyalarının azaldılmasıdır. Hansı ki, əslində Azərbaycan hökuməti bu istiqamətdə hələ bir neçə il öncədən başlayaraq ardıcıl tədbirlər həyata keçirir və işğaldan azad edilmiş ərazilərin, Naxçıvan MR-nın “Yaşıl enerji zonası” elan edilməsi də bunun bariz nümunəsidir. 
Məlumdur ki, Azərbaycan 2030-cu ilədək ümumi enerji istehsalında bərpa olunan enerjinin payını 30%-ə çatdırmağı hədəfləyir. Xızı-Abşeron külək elektrik stansiyası və Qarabağ Günəş Elektrik Stansiyası kimi böyük yaşıl enerji layihələri həyata keçirilir. Azərbaycan 2021-ci il Paris Sazişinə uyğun olaraq karbon emissiyalarını 2050-ci ilə qədər sıfıra endirməyi nəzərdə tutur. 
Araşdırmalar göstərir ki, Xəzər dənizinin Azərbaycana məxsus hissəsində dənizdə külək enerjisi potensialı ümumilikdə 157 QVt səviyyəsində qiymətləndirilib. Görülən işlərin davamı kimi, BƏƏ-nin ixtisaslaşmış şirkəti olan Masdar ilə 10 QVt-dək həcmdə müqavilələr imzalanıb ki, ilkin addımlar kimi quruda 1 QVt gücündə günəş və 1 QVt gücündə külək, həmçinin dənizdə 2 QVt gücündə külək enerjisi istehsalı layihələrinin qiymətləndirilməsi və həyata keçirilməsi ilə bağlı işlər görülür.  
Onu da qeyd edək ki, işğaldan azad edilmiş Kəlbəcər və Ağdərə rayonlarında geotermal və Günəş enerjisi ehtiyatları, Laçın, Qubadlı və Zəngilan rayonlarında hidroenerji mənbələri, Şuşa, Xocavənd və Cəbrayıl rayonlarında külək enerjisi, Tərtər, Ağdam, Xocalı rayonlarında bioenerji ehtiyatlarının səmərəli istifadə edilməsi nəticəsində ölkəmiz ümumilikdə “Yaşıl enerji” istehsalçısına və ixracatçısına çevrilə bilər. Artıq Qarabağda və Şərqi Zəngəzurda hidroenerji potensialından istifadə ilə bağlı fəal işlər aparılır. 
Bunun real nümunəsi kimi, Azərbaycan-Türkiyə-Avropa ölkələrarası beynəlxalq enerji dəhlizi layihəsi çərçivəsində tikilən 330 kilovoltluq “Cəbrayıl” qovşaq yarımstansiyası istismara verilib. Həmçinin yaşıl enerji strategiyasına uyğun olaraq 2023-cü ildə Kəlbəcər rayonunda 8.33 meqavat gücündə “Çıraq-1”, 3.6 meqavat gücündə “Çıraq-2”, 6.33 meqavat gücündə “Qamışlı”, 5.3 meqavat gücündə “Soyuqbulaq” və 3.4 meqavat gücündə “Meydan” kiçik su elektrik stansiyaları,  Laçın rayonunda yenidən qurulan 8,25 meqavat gücündə “Mişni” və 6 meqavat gücündə “Alxaslı” kiçik su elektrik stansiyaları yenidənqurularaq istismara verilib. Bu istiqamətdə davamlı işlər görülür və hidroelektrik stansiyalarının gücü 500 meqavata qədər olacaq ki, bu da yaşıl enerjiyə keçid prosesinə böyük töhfədir.
Bütün bunlarla yanaşı, təkcə Xızıda istifadəyə verilən külək enerjisi stansiyası tam gücü ilə işlədikdə ildə 1 milyard kilovat/saat elektrik enerjisi istehsal olunacaq və atmosferə buraxılan karbon qazlarının, istixana effekti yaradan qazların azaldılmasına səbəb olacaq, o cümlədən ildə 110 000 000 kubmetr qaza qənaət olunacaqdır. Orta hesabla qazın 1000 kubmetrinin 200 dollara satıldığını nəzərə alsaq, indiki qiymətlərlə bu qənaət ildə 22 milyon manat edir.
Ölkə prezidentinin çıxışlarında da dəfələrlə vurğulandığı kimi, Azərbaycan dövləti 2050-ci ilə qədər sıfır faiz emissiya ilə bərpaolunan enerjilərdən istifadə etməyi nəzərdə tutur. Bu isə o deməkdir ki, TƏMİZ ƏTRAF MÜHİT VƏ “YAŞIL ARTIM” ÖLKƏSİNƏ ÇEVRİLMƏK AZƏRBAYCAN DÖVLƏTİNİN MİLLİ HƏDƏFLƏRİNDƏN biridir.
Enerji sahəsində təmin edilən yeniliklər və proqnozlaşdırılan dividendlərlə yanaşı, COP29 tədbirindən digər istiqamətlərdə də iqtisadi gözləntilər mövcuddur. Belə ki, tədbir çərçivəsində, Azərbaycan (Bakı şəhəri) dünyanın 190-dan çox ölkəsindən 80 minə yaxın qonaq qəbul edəcəkdir. Kobud hesablamalarla, qonaqların ölkəmizdə xərcləmələri 35 milyon dollara yaxın olacaqdır. Başqa sözlə desək, yalnız qonaqların gəlişindən ölkəyə 35 milyon dollardan çox vəsait daxil olacaqdır. Buraya ölkəmizin tanıdılması, iqlim dəyişiklikləri ilə mübarizə sahəsində yeni fondun yaradılması, iqtisadiyyatın müxtəlif sahələrinə, enerji sektoruna investisiyaların cəlb edilməsi, turizm sektorunun canlanması, cəmiyyətin ekoloji problemlərlə bağlı daha çox məlumatlan-dırılması, beynəlxalq əlaqələrin genişlənməsi, erməni vandalizminin dünyaya bəyan edilməsi  və s. kimi məsələləri də əlavə etsək, COP29-dan ölkəmizin əldə edəcəkləri təqribən aydın olar.   
Regional  təsirlərə gəldikdə isə, hələ 2022-ci ilin dekabrında Azərbaycandan dənizaltı kabel vasitəsilə Avropaya (Rumıniya, Macarıstan və s.) yaşıl enerjinin tədarükünə dair saziş imzalanıb. Qara dəniz sualtı kabel layihəsinin bütövlükdə Avropa üçün əhəmiyyətliliyini yüksək dəyərləndirən Avropa Komissiyası 2,3 milyard avro vəsait ayırıb. Azərbaycandan ixrac olunan ekoloji cəhətdən təmiz elektrik enerjisinin bir hissəsinin Macarıstanda istifadə edilməsi, qalan hissənin isə başqa ölkələrə göndərilməsi nəzərdə tutulur. Belə bir strateji layihə Avropa ölkələrinin enerji təhlükəsizliyində Azərbaycanın rolunu daha da artırır. Bu layihə çərçivəsində Dünya Bankı Qara dənizin dibinin dəqiq tədqiqi üçün Gürcüstana 75 milyon dollar ayıracağını bildirib. 
Sonda dövlət başçısı cənab İlham Əliyevin 2024-cü il martın 1-də “Gülüstan” sarayında keçirilən “Yaşıl Enerji” Məşvərət Şurasının ikinci iclasında çıxış edərkən səsləndirdiyi bir fikri xatırlatmaq yerinə düşərdi: “Bizim bərpaolunan enerji ehtiyatları baxımından nəhəng potensialımız var, istər Xəzər dənizində, istərsə də qurudakı potensial olsun. Bildiyimiz kimi, biz “Qara Dəniz Yaşıl Kabel” layihəsi ilə Avropaya “yaşıl enerji”nin önəmli ixracatçılarından biri olmağı nəzərdə tuturuq. Artıq qərara alınıb ki, bu layihə inteqrasiya edilmiş layihə olmaqla Xəzər dənizindəki külək dəyirmanlarından yeni ötürücü xətlərlə Qara dənizin dibi ilə Avropaya gedəcək. Beləliklə, bunlar bizim planlardır. Əlbəttə ki, bərpaolunan enerji mənbələrimiz nə qədər çox olsa, indi elektrik enerjisi istehsalı üçün istifadə etdiyimiz təbii qaza daha çox qənaət etmiş olacağıq”.
Ölkəmizin ev sahibliyi edəcəyi COP29 Azərbaycan Respublikasını DÖVLƏT BAŞÇISININ VURĞULADIĞI HƏDƏFLƏRƏ ÇATMAĞA DAHA DA YAXINLAŞDIRACAQDIR. 

Cross Media Analitik Qrupu

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il