Elm və təhsil

Bakı Dövlət Universitetində (BDU) “TələbəPlus” kartlarının təqdimetmə mərasimi keçirilib.

Crossmedia.az xəbər verir ki, “TələbəPlus” kartları ilk dəfə olaraq BDU-nun 14 tələbəsinə təqdim olunub.

Mərasimdə çıxış edən BDU-nun rektoru Elçin Babayev Təhsilin İnkişafı Fondu (TİF), “Kapital Bank” və “Visa” beynəlxalq ödəmə texnologiyaları şirkətinin birgə reallaşdırdığı bu layihənin gənclərin təhsil həyatında önəmli rol oynayacağını bildirib. Təhsilin İnkişafı Fondunun yarandığı gündən etibarən tələbəyönümlü müxtəlif layihələr həyata keçirdiyini diqqətə çatdıran rektor, “TələbəPlus” kartlarının verilməsini də bu uğurlu layihələrdən biri hesab edir. Elçin Babayev ali təhsil müəssisələrinin yaradılan imkandan kifayət qədər bəhrələnəcəyini, bu kartların tələbələrə ən müxtəlif istiqamətlərdə geniş imtiyazlar təqdim edəcəyini, tələbələrin təhsil, səhiyyə, mədəniyyət və digər xidmətlərlə bağlı endirimlərdən faydalana biləcəklərini vurğulayıb. 

TİF-in İdarə Heyətinin sədri Elnur Nəsibov “TələbəPlus” kartlarının ilk istifadəçiləri olan BDU tələbələrini təbrik edib. O, bir ildən artıq üzərində çalışdıqları layihənin artıq reallaşdığını və tədbirdə iştirak edən tələbələrin “TələbəPlus” kartlarının ilk istifadəçiləri olacaqlarını diqqətə çatdırıb. Elnur Nəsibov Təhsilin İnkişafı Fondunun daim dövlət-özəl tərəfdaşlığı, universitet-sənaye işbirliyinə xüsusi önəm verdiyini və bu layihənin də dövlət-özəl tərəfdaşlığının uğurlu nümunəsi olduğunu qeyd edib. Layihənin növbəti mərhələsində peşə və orta ixtisas təhsilinə də şamil ediləcəyini bildirən sədr növbəti tədris ilində təhsil sahəsində çalışan əməkdaşların da layihədən yararlana biləcəklərini vurğulayıb.

Fondun İdarə Heyətinin sədri diqqətə çatdırıb ki, indiyədək 200-dən artıq şirkətdə geyim, yemək, qida sahələri üzrə tələbələrin ən çox müraciət etdikləri yerlərdə güzəşt və imtiyazların, endirimlərin edilməsinə nail olunub. Mədəniyyət Nazirliyi ilə imzalanan müqaviləyə əsasən, mədəniyyət obyektləri, muzeylər, sərgi salonlarından istifadədə də güzəştlər olacaq. Gələcəkdə idman, səhiyyə, nəqliyyat sahələrində də xidmətlər “TələbəPlus”a qoşulacaq. 

 

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il