Yaxın şərq

Oktyabr ayında İsrailin İrana qarşı həyata keçirdiyi cavab hücumu zamanı İranın 2 hərbçisi həlak olmuşdu. Bundan başqa, İranın hərbi obyektlərinə də zərbələr endirilmişdi. Bu hadisələrdən sonra İran mediası İsrailə qarşı qəti cavab veriləcəyi barədə məlumatlar yaymağa davam edir. Son günlərdə təkcə İran deyil, digər xarici xəbər portalları da bu mövzuda məlumatlar verir. Belə ki, İsrailin “Axios” portalı İsrailin kəşfiyyat mənbələrinə əsasən məlumat yayıb. Məlumatda qeyd olunur ki, Tehran noyabrın 5-də ABŞ-da keçiriləcək ümumi seçkilərə qədər geniş miqyaslı pilotsuz uçuş aparatları və ballistik raketlərin iştirakı ilə hərbi əməliyyat keçirə bilər.

Bəs, veriləcək cavab və ya həyata keçiriləcək hansısa hərbi əməliyyat yeni müharibənin ilk addımları ola bilərmi?

Mövzu ilə bağlı siyasi ekspert Məhəmməd Əsədullazadə Crossmedia.az saytına açıqlamasında qeyd edir ki: “İsraillə İran arasında, demək olar ki, raket müharibəsi gedir və İran, İsrailin Həmas və Hizbullaha qarşı həyata keçirdiyi əməliyyatları həzm edə bilmir. İranın İsrailə qarşı həyata keçirdiyi raket hücumlarına İsrail cavab verir və düşünürəm ki, İran da İsrailə qarşı raket və PUA hücumları ilə cavab verəcək. Amma geniş miqyaslı müharibəni düşünməsə, yaxşı olar. Həmçinin, Rusiya-Ukrayna münaqişəsi fonunda yeni müharibənin başlayacağını düşünmürəm. İsrail də bunda maraqlı deyil, çünki onun əsas hədəfi Həmas və Hizbullahı aradan qaldırmaqdır”.

Beləliklə, İsrail və İran arasındakı gərginlik hərbi toqquşmalar səviyyəsinə çatsa da, ekspertlərin fikrincə, genişmiqyaslı müharibə ehtimalı hələ də aşağıdır.

Ayhan Ağarzayev

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il