ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp ABŞ prezident seçkilərində qələbə qazandıqdan sonra Rusiya lideri Vladimir Putinlə danışıqların mümkünlüyünü bəyan edib. O, Ukrayna prezidenti Volodimir Zelenski də daxil olmaqla, artıq 70 dünya lideri ilə danışdığını, lakin Putinin onların arasında olmadığını deyib.
Bəs Donald Trampın Rusiya ilə dialoqa açıq olduğunu bəyan etməsi, ABŞ-Rusiya münasibətlərində hansı dəyişikliyə gətirə bilər? Tramp və Putinin potensial görüşünün ABŞ-ın Ukrayna ilə bağlı siyasətinə və regiondakı münaqişəyə təsir etməsi gözlənilirmi?
Məsələ ilə bağlı konfliktoloq Elman Vəliyev Crossmedia.az-a şərhində bildirib ki, Amerikanın stabilləşdirilmiş siyasi xətti mövcuddur:
"Prezidentlər bunu icra edən siyasi fiqurlardır. Rusiya ilə Ukrayna müharibəsi başlamalı idi, bunun üçün Bayden seçildi. İndi müharibə alovu sönməlidir ki, bunu da Trampın əli ilə etmək istəyirlər. Trampla Putin görüşəcək, hətta Lukaşenkonun vasitəçi ola biləcəyini də ehtimal edirəm".
Həmçinin konfliktoloq qeyd edib ki, Ukrayna üçün yolun sonudur:
"Bu saatdan sonra Ukrayna üçün “əbabil"lər gəlməyəcək. Ukrayna üçün iki-üç variant var: Parçalanma, Rusiyanın dedikləri ilə razılaşma, hakimiyyətin dəyişməsi. Trampın bu müharibəni daha da davam etdirəcəyini zənn etmirəm. Artıq Qərb üçün təhlükə mövcuddur".
Gülşad İbrahimova