Bildiyimiz kimi Gürcüstan parlamentinə keçirilən seçkilərdə hakim "Gürcü arzusu" partiyası qalib gəldi. Daha sonra Prezident Salome Zurabişvili səsvermənin nəticələrini tanımadığını bəyan etdi. Hadisələrin bu istiqamətdə cərəyan etdiyi vaxtda isə ötən gün vətəndaşlar Tibilisidə parlament binası yaxınlığında etiraz aksiyası keçirdilər.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən politoloq Əhəd Məmmədli Gürcüstanda ciddi bir dəyişikliyin olmayacağını söyləyib:
"İqtidar öz fəaliyyətinə davam edəcək. Müxalifət qoyduğu hədəflərə çatmayıb. Bu, Gürcüstan xalqının çox hissəsinin müxalifətin yanında olduğunun göstəricisi deyil. Dedikləri kimi seçkilərdə saxtalaşdırma olsa idi daha çox insan meydana çıxardı. Parlamet binasının qarşısındakı şəkillər sizi aldatmasın. Şəkillərdə insan sayı çox görünür. Amma biz reallıqda o meydanı vizual müqayisə etsək oradakı insanların sayının təxmini neçə min olduğunu deyə bilərik. Axırıncı mitinqə ilk mitinqdən daha az adam gəldi. Bu mitinqdə təxminən 30- 40 min adam var idi. Gürcüstanın 3 milyondan çox əhalisi var. Onlardan 100 mini meydana gəlsə heç nə olmayacaq. Xalqın hamısı müxalifətin göstəricisi deyil. Bir az danışıb, coşub dağılışacaqlar. Çünki artıq 2004- cü ilin abu- havası deyil. Siyasi seçkilər hesabına Gürcüstanda oturuşan bir iqtidar, siyasi sistem var"
Ekspert seçkilər hesabına oturuşan siyasi sistemin hakimiyyətdən etməyin daha çətin olduğunu vurğulayıb:
"Məsələn Rəcəp Tayyib Ərdoğanın hakimiyyətini misal göstərmək olar. Bu günlərdə onların iqtidara gəlməsinin 22 illiyi idi. 2002- ci ildə AK partiya parlament seçkilərinin qalibi olaraq iqtidara gəldi. Onlar da sağlam rəqabətli seçkilərdə qalib olaraq hakimiyyətə gəldilər. Ərdoğanı neçə dəfə qeyri reqal yollarla: meydan, silah, məhkəmə yolları ilə devirməyə çalışdılar. Amma adam başqa yolla gəlsə idi bəlkə də çoxdan devrilmişdi. Biz bunu Paşinyan nümunəsində də görürük. Cəhdlər var amma adam seçkilərdə qalib gəlir. Müxalifət küçə yolu ilə onunla bacara bilmir. İndi eyni Gürcüstanda Zurabişvili iqtidarını götürək. Adamlar Saakaşvili dönəmindən sonra daim seçkilərlə hakimiyyətə gələrək, hakimiyyətlərini qoruyublar. Amma müxalifət daim küçə yoluna əl atıb. Həmişə də uğursuzluğa düçar olub. Fikrimcə bu dəfə də belə olacaq".
Banuçiçək Kalbalıyeva