COP29

Bu gün dünyada ən böyük tədbirlərdən biri olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsinin növbəti günüdür.

Hava çiskinli bir o qədər də soyuqdur. Lakin üçümüz də media əməkdaşları olaraq iri addımlarla gedəcəyimiz yerə doğru addımlayırıq. Bakı Olimpiya Stadionu Azərbaycan bayrağının rənglərinə bürünərək müxtəlif ölkələrdən gələn, fərqli irqlərə mənsub olan insanları heyran edir. Hələ Yaşıl zonaya daxil olmazdan öncə bizi əlindəki taxta lövhədə "As long as there are slaughter houses there will always be batlefields" ("nə qədər ki, qəssabxanalar var, həmişə döyüş meydanları olacaq") fikirləri qeyd olunan şəxs qarşılayır. Onun ətrafında çoxlu insanlar toplaşıb. O bununla tədbir iştirakçılarını, qonaqları ətraf mühitin, canlıların mühafizəsi, iqlim təhlükəsizliyi ilə bağlı məlumatlandırır. Biraz qarşıya getdikdə, Nurəli Şahbazova məxsus olan "Brain" (Beyin) adlı instalyasiyanı görürük. Yan hissədə yerləşən məlumat lövhəsində isə instalyasiyanın hazırlanmasında istifadə olunan materiallar, beynin mürəkkəbliyi, özünəməxsusluğu, eləcə də bir çox bu kimi funksiyaları yer alır. Beləcə, mərkəzə doğru addımlayırıq...

Biletlərimizi istəyir, üstümüzü diqqətlə yoxlayırlar. Bunun insanların təhlükəsizliyi üçün vacib olduğunu anlayırıq. İçəriyə girər-girməz tədbir könüllüləri və fərqli mövzulara həsr olunan instalyasiyalar, müxtəlif ölkələrin sərgi stendləri ilə qarşılaşırıq. Nümayişçilərin hər biri bu stendlərdə ekoloji problemlərə həll yollarını, innovativ texnologiyalar və yaşıl gələcəklə bağlı baxışlarını sərgiləyirlər. Əksər pavilyonların əsas diqqət mərkəzində sıfırkarbon emissiyası ilə işləyən yeni nəsil enerji mənbələri yer alır.

Ekoloji problemlərə diqqət çəkən seminarların keçirildiyi pavilyonun qarşısında dayanıb biz də qulaq asırıq. Düşünürük ki, çıxış edən xanım yəqin ki buna bir neçə gün öncədən hazırlaşıb. Çünki çox axıcı danışır.

Biraz irəlilədikcə ölkəmizin adət-ənənələrinə, milli xalçaçılıq, dulusçuluq sənətinin nümayişinə həsr olunan "Azərbaycan" stendi də gözdən yayınmır. Burada xalçaçılıq sənətimizin nadir inciləri nümayiş edilir. Xınalığa aid yundarama sənətinin Azərbaycan xanımlarının əyani şəkildə göstərməsi ilə incəsənət nümunələrimiz xarici nümayəndələrə tanıdılır. Bu onlara insənətimizlə daha yaxından tanış olma imkanı qazandırır. Eləcə də sözügedən stenddə "smart lövhələr" vasitəsilə ölkəmizin müxtəlif bölgələrinə virtual səyahətin də şahidi oluruq. Yaşıl gələcəklə bağlı düşüncələr, yeni fikirlər yalnız ifadələrdə öz əksini tapmır, gələcəkdə ölkə ərazisində tətbiq olunacağı təqdirdə, hansı yeniliklərin bizi gözlədiyini öncədən nümayiş etdirmək üçün "3D" formatında şəhərimizin maketi də burada sərgilənir. Təbii ki, sualtı dünya da unudulmayıb. Bu baxımdan, dünya sularının və sualtı ekosistemlərin qorunmasının vacibliyini vurğulayan fotolardan ibarət sərgini görürük. Bu fotolar vasitəsilə dünya sularında yaşayan canlıların qorunması üçün yalnız ovu məhdudlaşdırmağın kifayət etmədiyi, eləcə də yük gəmilərinin onların həyatı üçün ciddi təhlükə yaratdığı izah olunur.

Vaxtdan mümkün qədər səmərəli istifadə etməyə çalışırıq. Bir neçə xarici vətəndaşla ünsiyyət yaradır onların təəssüratlarını öyrənirik...
Pavilyonlarla tanış olduğumuz müddət ərzində müxtəlif interaktiv tədbirlər, könüloxşayan musiqilərin olması və xarici nümayəndələrin də üz ifadələrində məmnunluq hissini duymaq bizi sevindirir və orada biraz daha vaxt keçirməyə sövq edir. Lakin artıq vaxt-vədə yetişir. Biz mərkəzin çıxış hissəsinə üz tutduğumuz anda musiqi səslənir...

Deyirlər, bülbülə çəmən yaxşıdır
İnsançün laləzar, vətən yaxşıdır
Şair, sorma, vətən nədən yaxşıdır?
Adı gəlcək könlüm dastana döndü
Dastana döndü...

Xarici vətəndaşlar musiqinin sirrinə qapılaraq onu dinləməyə başlayırlar. Biz isə 44 günlük savaşdan üzü ağ, başı dik çıxan, indi isə mötəbər tədbirə ev sahibliyi edən ölkənin vətəndaşları olaraq Yaşıl zonanı tərk edirik...

Aytac Kərimova
Banuçiçək Kalbaliyeva
Aysel Ağakərimova

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il