Lukaşenko belarusluları boş evləri almağa çağırdı
Belarus Prezidenti Aleksandr Lukaşenko ölkə sakinlərini kiçik yaşayış məntəqələrində boş qalan ev və torpaq sahələrini daha fəal almağa çağırıb.
Crossmedia.az xəbər verir ki, "BelTA" bu barədə məlumat yayıb.
Lukaşenko kənd sakinlərinin müxtəlif mallarla təminatı ilə bağlı keçirilən müşavirədə bildirib ki, Belarusda aqrar şəhərciklər və iri kəndlər əsas yaşayış məntəqələri kimi inkişaf etdirilir.
Onun sözlərinə görə, bu ərazilərdə yollar təmir olunur, yeni yollar salınır və ticarət xidmətlərinə olan tələblər artırılır.
Belarus lideri qeyd edib ki, gələcəkdə aqrar şəhərciklər və böyük kəndlər inkişaf edəcək. Kiçik kəndlərin isə qismən yoxa çıxması və ya başqa formatda dəyişməsi mümkündür.
Lukaşenko bildirib ki, hazırda Belarusda boş evlərin alınması prosesi daha çox Rusiya vətəndaşları hesabına gedir.
"Rusiya vətəndaşları məni eşidiblər: bu torpaq sahələrini alırlar. Boş evləri alır, təmir edir, qaydaya salırlar, bəzilərini isə sökürlər. Amma belaruslular məni eşitmir", – deyə Lukaşenko bildirib.
17:48 07.08.2026
Oxunuş sayı: 48