Avstraliyada dünyanın ən böyük qızıl külçəsi hazırlanıb
Qərbi Avstraliyada fəaliyyət göstərən Perth Mint dünyanın ən böyük qızıl külçəsini hazırlayaraq Ginnesin Rekordlar Kitabına düşüb.
Crossmedia.az Daily Mail-ə istinadən xəbər verir ki, külçənin çəkisi 521,2 kiloqram, saflıq dərəcəsi isə 99,999 faiz təşkil edir. Beləliklə, o, qlobal standart hesab edilən 99,99 faizlik saflıq göstəricisini də üstələyib.
Perth Mint-in baş icraçı direktoru Pol Qrem bildirib ki, üç gün davam edən layihədə 35-dən çox mütəxəssis iştirak edib və prosesə Ginnesin rəsmi nümayəndələri nəzarət ediblər. Yeni rekord iki il əvvəl Dubayda hazırlanmış 300 kiloqramlıq qızıl külçənin nəticəsini geridə qoyub.
Mütəxəssislərin sözlərinə görə, külçənin metal dəyəri 100 milyon ABŞ dollarından çox olsa da, onun əsas əhəmiyyəti Avstraliyanın qızıl emalı sahəsindəki imkanlarını nümayiş etdirməsidir.
"People’s Bar" adlandırılan rekordçu külçə yaxın vaxtlarda Perth Mint-də nümayiş etdiriləcək.
06:43 08.08.2026
Oxunuş sayı: 67