NATO qərargahında casusluq qalmaqalı: Təcrübəçi həbs edildi
Belçikada yerləşən NATO-nun Avropa Müttəfiq Qüvvələrinin Ali Qərargahında (SHAPE) təcrübə keçən Çin-Kanada əsilli qadın üçüncü ölkənin xeyrinə casusluqda şübhəli bilinərək həbs olunub.
Crossmedia.az xəbər verir ki, "Anadolu" bu barədə məlumat yayıb.
Məlumata görə, hadisə Belçikanın Mons şəhərində yerləşən SHAPE qərargahında baş verib. Belçika Federal Prokurorluğunun açıqlamasında bildirilir ki, şübhəli əvvəlcə SHAPE-in təhlükəsizlik xidmətlərinin diqqətini cəlb edib. Bundan sonra məsələ Belçikanın Baş Kəşfiyyat və Təhlükəsizlik Xidmətinə (SGRS) çatdırılıb, daha sonra isə iş Federal Prokurorluğun icraatına verilib.
İstintaq çərçivəsində iyulun 23-də Şarlerua Federal Cinayət Polisi tərəfindən əməliyyat keçirilib. Şübhəlinin yaşayış yerində və SHAPE-dəki iş otağında axtarış aparılıb.
Federal Prokurorluq bildirib ki, qadın iyulun 24-də casusluq və cinayətkar təşkilata üzvlük ittihamları ilə istintaq hakiminin qərarı əsasında həbs edilib. İstintaqın maraqları nəzərə alınaraq hadisə ilə bağlı əlavə məlumat açıqlanmayıb.
SHAPE-in sözçüsü Martin L. O'Donnell isə bildirib ki, qurum Belçika hakimiyyəti ilə tam əməkdaşlıq edir və araşdırmaya hərtərəfli dəstək göstərir.
Onun sözlərinə görə, hazırkı mərhələdə hadisənin NATO və ya SHAPE-in əməliyyat hazırlığına, komandanlıq sisteminə və ya həyata keçirilən missiyalara hər hansı mənfi təsir göstərdiyinə dair əlamət yoxdur. O'Donnell vurğulayıb ki, SHAPE fəaliyyətini fasiləsiz davam etdirir və NATO məxfi məlumatların təhlükəsizliyinin təmin olunmasına sadiqdir.
16:16 25.07.2026
Oxunuş sayı: 61