Rusiyalı analitik: ABŞ-nin müharibəsi Vaşinqton üçün ağır nəticələr doğura bilər
ABŞ-nin İrana qarşı hərbi əməliyyatları Vaşinqton üçün ciddi hərbi, siyasi və geosiyasi nəticələrə səbəb ola bilər.
Crossmedia.az xəbər verir ki, bu fikirlər rusiyalı hərbi analitik Aleksandr Xrolenkonun "Sputnik"də dərc olunan məqaləsində yer alıb.
Müəllif iddia edir ki, ABŞ-nin uzun müddətdir davam etdirdiyi hava zərbələrinə baxmayaraq, İranın raket proqramı və hərbi potensialı zəifləməyib. Məqalədə ABŞ kəşfiyyatının qiymətləndirmələrinə, eləcə də "The Wall Street Journal", "The Washington Post", "Military Watch" və "Haaretz" nəşrlərinin məlumatlarına istinad edilərək İranın raket imkanlarını inkişaf etdirməyə davam etdiyi vurğulanır.
Yazıda qeyd olunur ki, İranın cavab zərbələri nəticəsində ABŞ-nin Yaxın Şərqdəki bir sıra hərbi obyektlərinə ziyan dəyib. Müəllif həmçinin Hörmüz və Bab əl-Məndəb boğazlarında gərginliyin artmasının qlobal enerji bazarına ciddi təsir göstərə biləcəyini bildirir.
Analitikin fikrincə, NATO ölkələri ABŞ-nin mümkün genişmiqyaslı hərbi əməliyyatına qoşulmağa tələsmir, Yaxın Şərqin bir sıra dövlətləri isə münaqişənin dayandırılması və atəşkəsin əldə olunmasının tərəfdarıdır.
Məqalədə vurğulanır ki, İranla mümkün quru əməliyyatı ABŞ üçün böyük hərbi itkilərə və Vaşinqtonun beynəlxalq nüfuzunun daha da zəifləməsinə səbəb ola bilər.
Qeyd edək ki, məqalədə yer alan hərbi itkilər, raket hücumları və digər məlumatlar müəllifin təhlili və istinad etdiyi mənbələrin məlumatlarına əsaslanır, onların müstəqil təsdiqi təqdim olunmayıb.
14:16 25.07.2026
Oxunuş sayı: 58