Yəməndən Səudiyyə Ərəbistanına kütləvi raket və PUA hücumu olub
Yəmən gecə saatlarında Səudiyyə Ərəbistanına genişmiqyaslı raket və pilotsuz uçuş aparatı (PUA) hücumu həyata keçirib. Hücum nəticəsində Cizən şəhərində bir neçə partlayış baş verib, bəzi ərazilərdə elektrik enerjisinin verilişi dayandırılıb.
Crossmedia.az xəbər verir ki, "Al Masirah" bu barədə məlumat yayıb.
Məlumata görə, Səudiyyə Ərəbistanı istiqamətində təxminən 20 ballistik raket və çoxsaylı PUA buraxılıb. Zərbələrin əsas hədəfi Cizən şəhəri və "Saudi Aramco"nun neft emalı zavodunun yerləşdiyi sənaye zonası olub.
Bildirilir ki, Cizən şəhərində beşdən çox partlayış qeydə alınıb. Hadisə nəticəsində şəhərin bir neçə hissəsində elektrik enerjisi kəsilib. Yerli sakinlər müxtəlif ərazilərdə yanğınların baş verdiyini və güclü tüstünün müşahidə olunduğunu bildiriblər.
Hücum zamanı Əbha hava limanı yaxınlığında da zərbələr endirildiyi, Yanbu şəhərində isə hava hücumu xəbərdarlığı sirenlərinin işə salındığı qeyd olunur.
Səudiyyə Ərəbistanı rəsmilərinin məlumatına görə, təhlükəsizlik səbəbindən bir neçə mülki təyyarə Əbha hava limanına daxil olmadan marşrutunu dəyişmək məcburiyyətində qalıb.
Bununla yanaşı, Səudiyyə Ərəbistanı hakimiyyətinin partlayışların və hücumun nəticələrini əks etdirən görüntülərin yayımlanmamasını tələb etdiyi bildirilir.
12:11 25.07.2026
Oxunuş sayı: 55