ABŞ-in İran siyasəti də daha sərt mərhələyə keçə bilər - Proqnoz
İran parlamentinin sədrinin neft ixracı və Hörmüz boğazının təhlükəsizliyi ilə bağlı sərt bəyanatı regionda gərginliyin yenidən artacağı ilə bağlı müzakirələri gücləndirib. Tehran açıq şəkildə bildirib ki, öz enerji ixracı məhdudlaşdırılacağı halda, bölgədə digər ölkələrin də neft satışına imkan verilməyəcək.

Politoloq Zeynal Əmrəliyev Crossmedia.az-a açıqlamasında bildirib ki, İranın son bəyanatı regionda gərginliyin azalmasına müəyyən töhfə verə bilər:
"İranın bu bəyanatı bölgədə gərginliyin azalmasına xidmət edə bilər. İndiyədək rəsmi Tehran Körfəz ölkələrinə qarşı kifayət qədər sərt siyasət yürüdür, onların neft ixracını məhdudlaşdırmağa çalışırdı. Bu yanaşmanın əsas səbəbi isə həmin ölkələrin ABŞ ilə yaxın münasibətlərə malik olması idi".
Ekspertin sözlərinə görə, Tehranın bu siyasəti təkcə regional deyil, qlobal enerji bazarına da təsir göstərir:
"İran həm müharibə dövründə, həm də ondan sonrakı mərhələdə dəfələrlə Körfəz ölkələrindəki enerji infrastrukturunu hədəfə alacağını bəyan edib. Məqsəd həmin dövlətlərin dünya bazarına neft çıxarmasının qarşısını almaqdır. Bu isə region iqtisadiyyatı ilə yanaşı, qlobal enerji bazarında da ciddi risklər yaradır".
Politoloq bildirib ki, Hörmüz boğazının strateji əhəmiyyəti vəziyyəti daha da həssas edir:
"Dünya üzrə ixrac olunan neftin mühüm hissəsi Hörmüz boğazı vasitəsilə daşınır. Belə bir şəraitdə İranın "ya hamıya, ya da heç kimə" prinsipi ilə hərəkət etməsi, Qərbin sanksiyalarına cavab olaraq Körfəz ölkələrinin də neft ixracına mane olmağa çalışması beynəlxalq enerji təhlükəsizliyi üçün ciddi təhdid hesab oluna bilər".
Z.Əmrəliyev hesab edir ki, bu siyasət regionda yeni hərbi-siyasi blokun formalaşmasına səbəb ola bilər:
"Belə addımlar Körfəz ölkələrinin daha sıx əməkdaşlığına və yeni regional koalisiyanın yaranmasına zəmin yarada bilər. Tarixdə buna bənzər proses Səddam Hüseynin Küveytə müdaxiləsindən sonra baş vermişdi. İran eyni siyasəti davam etdirərsə, oxşar yanaşmanın bu dəfə Tehrana qarşı tətbiq olunması istisna deyil".
Ekspertin fikrincə, ABŞ-in İran siyasəti də daha sərt mərhələyə keçə bilər:
"Əgər Tehran gərginliyi artıran addımlarını davam etdirsə, ABŞ-də, xüsusilə də Donald Tramp administrasiyası dövründə İrana qarşı daha sərt siyasətin, o cümlədən hərbi ssenarilərin yenidən gündəmə gəlməsi ehtimalı arta bilər. Bu baxımdan, gərginliyi artıran addımlar ilk növbədə İranın öz maraqlarına zidd nəticələr doğura bilər".
Nigar Xəlilli
20:00 24.07.2026
Oxunuş sayı: 53