Erməni nazirin gəlirləri və əmlakı barədə məlumat yayıldı
Ermənistanın "Joxovurd" qəzeti ətraf mühit naziri Hambardzum Matevosyanın müxtəlif illərdə təqdim etdiyi əmlak bəyannamələrini təhlil edib.
Crossmedia.az xəbər verir ki, nəşr nazirin əmlakı, gəlirləri və maliyyə öhdəlikləri barədə məlumat dərc edib.
Qəzetin yazdığına görə, Matevosyan 2025-ci il üzrə bəyannaməsində İrəvanda yerləşən mənzilin 1/2 hissəsinə sahib olduğunu göstərib. Bildirilib ki, o, bu payı 2017-ci ildə satınalma yolu ilə əldə edib.
Məlumata əsasən, nazirin ipoteka krediti üzrə öhdəliyi qalmaqdadır. Onun bank hesablarındakı vəsait ilin əvvəlində 1,35 milyon dram olduğu halda, ilin sonunda 9,29 milyon drama yüksəlib. Nağd pul vəsaiti isə il ərzində 2 milyon dram səviyyəsində qalıb.
Nəşrin məlumatına görə, Matevosyanın 2025-ci ildə ümumi gəliri 24,9 milyon dram təşkil edib. Bunun 15,2 milyon dramı Ətraf Mühit Nazirliyindən əməkhaqqı, 6,7 milyon dramı Baş nazir Aparatından əməkhaqqı, 2,9 milyon dramı isə gəlir vergisinin qaytarılması hesabına əldə olunub.
Qəzet həmçinin qeyd edib ki, 2024 və 2023-cü illərə aid bəyannamələrdə də nazirin eyni mənzil payına sahib olduğu, bank hesabları, nağd vəsaiti və ipoteka öhdəlikləri barədə məlumatlar yer alıb.
Qeyd edək ki, bu məlumatlar "Joxovurd" qəzetinin təqdim etdiyi bəyannamələrin təhlilinə əsaslanır.
10:04 04.07.2026
Oxunuş sayı: 51